Mənim Azərbaycan səfərim Dağlıq Qarabağda gərginliyin hələ davam etdiyi müddətə təsadüf edirdi. Belə vəziyyətin yaranmasına görə kifayət qədər narahatlıq və təəssüf hissi keçirirəm.
Unikal.org xəbər verir ki, bunu APA-ya açıqlamasında AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak deyib.
 
O bildirib ki, atəşkəsin bərpa olunması çox müsbət addımdır: "Fikrimcə, biz Azərbaycanla Ermənistan arasındakı münaqişənin sülh yolu ilə həllinin axtarılıb tapılması, Dağlıq Qarabağ və işğal olunmuş digər ərazilərin azad edilməsi istiqamətindəki fəaliyyətimizi davam etdirməliyik. Onu da deyim ki, azərbaycanlı gənc oğlan və qızların Bakı küçələrində atəşkəs əleyhinə və müharibə tələbi ilə etiraz aksiyaları keçirmələrindən çox təəccübləndim. Müharibənin gələcəyi, bu məsələnin isə müharibə yolu ilə həlli yoxdur".
 
Həmməruzəçi sədri olduğu AŞ-ya üzv dövlətlər arasında münaqişələr üzrə xüsusi Alt Komitənin fəaliyyətinə də toxunub.
 
O, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı görüşün dünən səhər baş tutduğunu bildirib. "Həmçinin, ilk dəfə olaraq bu görüşə hər iki ölkə üzrə həmməruzəçiləri də dəvət etmişdik. Görüşdə Türkiyə və Kipr də daxil olmaqla, münaqişə ölkələrinin hərəsindən iki nümayəndə iştirak edirdi. Biz bu münaqişələrin həll perspektivləri haqqında danışdıq. Görüş zamanı Cenevrə Qrupu, Minsk Qrupu kimi beynəlxalq vasitəçilərin fəaliyyətinə toxunmadıq. Biz sadəcə, bu münaqişələrin həlli üçün Avropa Şurasının nə edə biləcəyini müzakirə etdik. ATƏT-in Minsk Qrupu münaqişənin nizamlanması üzrə ixtisaslaşıb. Alt Komitə isə Avropa Şurası daxilində münaqişə tərəfləri ilə iş aparır. Bəzi hallarda mən nifrət dolu çıxış və bəyanatların da şahidi oluram. Hər iki ölkə arasında dialoq formatı bizi münaqişənin həllinə bir az da yaxınlaşdırır. Avropa Şurası üzvlərin çıxışlarına tamaşa etmək üçün kinoteatr deyil. İstəyimiz odur ki, birlikdə işləyək".