Uşaq hüquqları bir çox beynəlxalq təşkilatlar və media orqanları tərəfindən ən çox nəzərə alınan mövhumlardan biridir. Bununla bağlı yüzlərlə qanunlar qəbul edilib, qətnamələr çıxarılıb. Amma o da bir faktdır ki, zorakılığa uğrayan hər bir uşağı qorumaq mümkün deyil. Nə qədər önləyici tədbirlər görülsə də, uşaqlara qarşı hər il fiziki, psixoloji, cinsi zorakılıq faktları qeydə alınır.

Unikal.org BBC Azərbaycanca saytının bu mövzuda hazırladığı reportajı təqdim edir:

Azərbaycanda da bu problem aktualdır.

Uşaqlarla işləyən vətəndaş cəmiyyəti nümyəndələrinin fikrincə, ölkədə uşaq müdafiəsi yetərincə təşkil edilməyib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi isə bu iddianı təkzib edərək, qanunvericiliyin və təbdirlərin qaydasında olduğunu bildirir.

 

Zorakılıq

"Anam qardaşımla məni həmişə muzeylərə, teatrlara aparardı. O cür qadın necə məni döyürdü, hələ də anlamıram", bu sözləri müsahibimiz Sənubər Heydərova deyir.

32 yaşlı Sənubər hazırda sosial işçi kimi fəaliyyət göstərir. O, fəaliyyəti boyu aztəminatlı ailələrin problemləri və çətin tərbiyə olunan uşaqlarla işləyib.

Sənubər deyir ki, anası onu uşaq vaxtından döyməyə başlayıb. Müsahibimiz bunun səbəbini belə izah edir:
"Nənəm anama qarşı çox sərt davranıb. Mən də üzdən nənəmə çox oxşayıram. Düşünürəm, nənəmə gücü çatmadığı üçün aqresiyasını mənim üzərimə tökürdü. Bu absurddur mənim üçün", o gülərək danışır.

 

"Dəcəl uşaq deyildim. Asosial idim, ancaq kitab oxuyardım. Qardaşımı da döyürdü. Ona mane olmaq istəyəndə, mən yenə döyülürdüm", o davam edir.

Sənubərin sözlərinə görə, anası ona qarşı 12 yaşına qədər fiziki zorakılıq törədib. Sonra isə bu proses dayanıb.
"Bu mənim üsyanıma qədər davam etdi. Anam məni döyəndə, mən də onu sözlə incitməyə başladım və o, məni döyməyi dayandırdı", müsahibimiz izah edir.

 

Sənubər fiziki zorakılığa məruz qalmasının pis nəticələrindən danışır. O deyir ki, ailədə heç kim ilə isti münasibətlərə sahib olmayıb, çünki döyülmə hər şeyə təsir edib.

"Evdə bir aqressor varsa, bütün münasibətlər məhv olur", o qeyd edir.

Uşaqlıq travması

Sənubər hadisələrin üzərindən 15 il keçəndən sonra anası ilə bu mövzuda danışa bildiyini və aralarındakı problemləri həll edə bildiklərini də deyir.

"Anam 12 yaşıma kimi məni döyübsə, 30 yaşıma kimi bunu ona bağışlamamışamsa, nə qədər illər itirilib. Mən anamı itirmişəm, o da məni. Vaxt itkişi dəhşətli şeydir", o bildirir.

Buna baxmayaraq müsahibimiz öz övladı olsa, on qarşı zorakılıq edib-etməyəcəyi haqqında da qəti fikirdə deyil.
"Çox sevinirəm ki, mənim uşağım yoxdur. Mən qarantiya verə bilmərəm ki, onu döymərəm. Çünki aqresiya ilə böyüyən sonralar özləri aqressor olur", o bildirir.

 

Sənubər psixologiya və sosiologiyaya olan marağını da birbaşa olmasa da, dolayı yolla uşaqlıqda rastlaşdığı bu problemlə bağlayır. Təsadüflərə inanmıram, o deyir.
Onun sözlərinə görə, ali təhsili sosiologiyaya üzrə bitirsə də, magistratura dərəcəsini sosial iş ixtisası üzrə oxuyub.
Elə bu zamandan o, problemli ailələrlə işləməyə başlayıb. Sənubər deyir ki, bir çox sahələri araşdırdıqca görürsən ki, bütün növ problemlərin altından hansısa bir psixoloji travma, yaxud da uşaqlıq zamanı yaşanılmış hadisə çıxıır.

 

"Qanunla münaqişədə olan uşaqlarla işləmişəm. O uşaqlarının ailələri daha betər vəziyyətdə idi. Yəni o uşaqları valideynlər o günə salıb, valideynlərini də öz valideynləri", o deyir.

Şəhər kənarındakı bir evdə yerləşir Ümid yeri Uşaq sığınacağı Xeyriyyə Cəmiyyəti. Burada hazırda 40 uşaq yerləşdirilib. Onlardan bəzilərinin valideynləri sağdır, bəzilərinin isə yox. Bu uşaqları birləşdirən əsas cəhət hamısının qayğıya ehtiyac olmasıdır.

Cəmiyyətin rəhbəri Nigar Məsimli 19 ildir uşaqlarla işlədiyini və bu müddətdə 5 minə yaxın uşaqla rastlaşdığını deyir.

Onun sözlərinə görə, fəaliyyəti boyu hər 3 zorakılıq növünə məraz qalmış uşaqlarla işləyib.

O, qayğının uşaqları necə dəyişməsindən söhbət açır:

"Üç il əvvəl cəmiyyətə bir qız gətirdilər. İntihar etmək istəyən zaman, qonşu polisi çağırmışdı. Atası həbsxanada idi, anası rəhmətə getmişdi. Tək qalmış iki bacını 3-cü ögey bacı və həyat yoldaşı dilənməyə sövq etmişdi. Bizə gətirilən qız yaxşı pul qazana bilmədiyi üçün daima döyülürdü. Hətta gələn günü onu çimizdirmək istəyəndə, xahiş etmişdi ki, bir müddət bunu etməyək. Səbəb isə o idi ki, onun saçından o qədər dartmışdılar ki, başı yara içində idi", - Nigar xanım danışır.

O bildirir ki, 6 aylıq reabilitasiyadan sonra 11 yaşlı o qız tanınmaz hala gəlmişdi.

"Evdən ayrılanda arıq idi, gözlərində vəhşət var idi. Amma qayğı o qızı dəyişmişdi", Nigar xanım davam edir.

Amma Nigar xanım bu işdə ictimaiyyətin rolunu da vurğulayır. O deyir ki, insanlar ətrafda olanlara biganə yanaşmamalıdır.

"Qurumumuza bir nəfər zəng vurmuşdu ki, qonşuluğunda yaşayan qaraçı milliyyətindən olan xalqın nümayəndələri bir 4 yaşlı uşağı gün ərazində diləndirirlər, axşam isə döyürlər. Mən hüquq-mühafizə orqanlarına zəng vurdum və fakt təsdiqləndi. Uşaq gətiriləndə bədəni gömgöy, özü isə ac idi. Biz o uşağı sonradan övladlığa verdik və indi onun 18 yaşı var. Xoşbəxtdir", deyən Nigar xanım ictimaiyyət nümayəndəsinin mövzuya fəal münasibəti bir uşağın həyatını xilas etdi deyə söhbətə davam edir.

Bu vaxt otağa 7-8 yaşlarında bir qız uşağı daxil olur. Nigar xanım bu uşağın da fiziki zorakılığa məruz qalmasından danışır.

Mariyanı (ad şərtidir) anası öləndən sonra bir qadın himayəyə götürüb. O, özünü hamıya uşağın xaç anası kimi tanıdırmış. Bir neçə ay öncə sığınacaq evinə gəlmiş Mariya "xaç anasının" onu həm əllə, həm də islaq çubuqla döydüyünü deyir.

Onun sözlərinə görə, döyülməsinə səbəb yemək yeməyi və tualetdən istifadə etmək istəməsi olub.

Mariya evdən necə qaçdığını, avtobusla necə Lökbatana gəldiyini və polis bölməsində gözləməyindən danışır.

Söhbətimizin sonunda Nigar Məsimli bildirir ki, valideynlər müxtəlif səbəblərdən uşaqları döyür. Uşaqların işləri üzrə məsul strukturların isə gücü azdır, həm də uşaqların hamsı diqqət və nəzarətdə deyil.

Cəmiyyət rəhbəri, ölkədə uşaq müdafiə sisteminin yaxşı qurulmadığını da qeyd edir.

Mühafizə orderi

Amma onun bu sözləri ilə dövlət qurumu razı deyil.

Ailə, Qadın və uşaq problemləri üzrə Dövlət Komitəsinin hüquq şöbəsinin müdiri Taliyə İbrahimova BBC Azərbaycancaya deyir ki, Azərbaycanda uşaqlara qarşı məişət zorakılığı ilə bağlı qanunvericilik bazası mövcuddur.

Məişət zorakılığının qarşısının alınması ilə bağlı 2010-cu ildə qanun qəbul edilib və qanunun icrasına dair mexanizmlərlə bağlı Nazirlər Kabinetinin 4 qaydası təsdiq olunub, qurum sözçüsü deyir.

Taliyə İbrahimova onu da qeyd edir ki, Azərbaycanda məişət zorakılığı qurbanlarına mühafizə orderinin verilməsi məsələsi üzrə qanunvericilikdə müddəalar var.

"Yerli icra hakimiyyəti orqanlarına səlahiyyətlər verilib ki, ailə daxilində baş verən hadisədə cinayət əməli olmadıqda, yəni inzibati xəta olduqda bu cür şikayətləri araşdırsınlar", o bildirir.

 

 

Bundan başqa 2015-ci ildə Komitə valideyn məsuliyyətinin artırılması ilə bağlı inzibati xətalar və cinayət məcəllələrinə dəyişikliklə bağlı təklif də verib.

Qurum sözçüsü deyir ki, yerli icra hakimiyyəti orqanlarında gender zorakılığı və uşaqlara qarşı zorlakılıq üzrə monitorinq qrupları da yaradılıb və bu qruplar zorakılıq halları ilə bağlı təhlillər aparır, uşaqların müdafiəsi üçün yardım göstərilməsinə çalışırlar.

Taliyə İbrahimovanın sözlərinə görə dövlət komitəsi rayon və şəhərlərdə həm valideynlər, həm müəllimlər, həm də uşaqlara bu mövzu ilə bağlı təlimlər keçir.

O bildirir ki, Azərbaycan ailələrində döyülmə halları çox vaxt "tərbiyə məqsədilə" edilir. Həmçinin valideyləri iççki düşkünü olan ailələrdə də bu hallara tez-tez rast gəlinir.

Ailədaxili zorakılıqla bağlı uşaqların hüquq-mühafizə orqanlarına müraciət etməsi ilə bağlı isə qurum sözçüsü deyir ki, bizdə bir nümunə olsa da, geniş tətbiq olunmur.

"Komitənin məktəbdə keçirdiyi təlimlərdə uşaqlar zorakılıq halları ilə rastlaşdıqda hansı orqanlara müraciət edə bilərlərsə, həmin orqanların telefon nömrələrini veririk. Bunu bütün uşaqlara izah edirik", o deyir.