ABŞ-ın Kaliforniya Universitetinin tədqiqatçıları qeyri-invaziv üsullarla insanın qan nümunələrini öyrənərək xərçəng xəstəliyinə diaqnoz qoya bilən süni intellekt texnikası hazırlayıblar.

Unikal.org ICTnews-a istinadən bildirir ki, qan analizinə görə xərçəng xəstəliyini müəyyənləşdirmək çətindir. Bəzən həkimlər analizlərə xərçəng hüceyrələrini görünən edən xüsusi kimyəvi preparatlar əlavə etsələr də,  bu nümunələrdən təkrar istifadə qeyri-mümkün olur. Digər texnika ilə xərçəng hüceyrələri onların qeyri-adi strukturuna görə müəyyənləşdirilir, lakin belə analizlər çoxlu vaxt tələb edir (tapılmalı olan hüceyrələrə götürülmüş nümunələrdə nadir hallarda rast gəlinir), eyni zamanda prosedur zamanı formasını dəyişən sağlam hüceyrələr bədxassəli kimi görünə bilər.

Süni intellekt təkcə diaqnoz qoymaq üçün tələb olunan vaxtı və enerji sayını azaltmır, həm də diaqnozun dəqiqliyini xeyli artırır. Alimlər yeni texnika barədə məqaləni "Scientific Reports" jurnalında dərc ediblər.
Prosedur zamanı saniyədə yüz minlərlə hüceyrənin təsvirini çəkmək üçün sıralara bölünən işığın nanosaniyə impulslarından yararlanan xüsusi foton mikroskopdan istifadə edilib. Bu şəkillər öyrənilmək üçün onları 16 müxtəlif fiziki əlamətə, məsələn, diametr, qabarıqlıq və ya işığın udulma dərəcəsinə görə analiz edən kompüter proqramına daxil edilib.
 
Tədqiqatçılar analiz edilmiş təsvirlər vasitəsilə proqramı xərçəng hüceyrələrini müəyyənləşdirə bilməsinə hazırlamaq məqsədilə dərin təlim bacarıqlarından istifadə ediblər. Bir neçə sınaqdan sonra alimlər süni intellektin dəqiqliyə görə bütün mövcud analiz üsullarını 17 faiz üstələməsinə əmin olublar.

Dərin təlimdən artıq xəstələrin genləri üzrə xəstəliklərə diaqnoz qoymağa kömək üçün istifadə olunub.
Qeyd olunur ki, həkimlərin diqqətindən yayınan xərçəng hüceyrələrini identifikasiya edə bilən texnika xərçəng xəstəliyinə səbəb olan mutasiyaları daha yaxşı anlamağa kömək edərək onun müalicəsi üçün yeni imkanlar da aça bilər.