Ən azı iki mərtəbəli bina, geniş giriş qapısı, qapının yuxarısında "Xoş gəlmişsiniz" yazılan lövhə və dəhlizləri, otaqları uniformalı uşaqlarla dolu bir yer. Çoxunun məktəb deyəndə ağlına gələn əsas nəsnələr bunlardır. Çox adam təsəvvür edə bilmir ki, hansısa məktəbdə 4-5, hətta 2 şagird belə təhsil ala bilər. Sinifdə də yox, bütün məktəbdə! Amma Təhsil Nazirliyinin bir neçə gün əvvəl yaydığı rəsmi siyahıdan bəlli oldu ki, Azərbaycanda bu da mümkündür. Şamaxı, İsmayıllı, Ağsu, Lerik, Neftçala, Ordubad və daha bir neçə bölgəmiz var ki, buradakı kənd məktəblərində cəmi bir neçə şagird təhsil alır.

Siyahıdakı məktəblərdən biri də Şamaxının II Çağan kəndinin məktəbidir. Bu kənd I Çağan kəndindən köçən bir neçə ailənin məskunlaşdığı yerdir. Nazirliyin yaydığı məlumata görə, buradakı ibtidai məktəbdə cəmi 4 şagird var. Virtualaz.org-un əməkdaşı həmin məktəbdən reportaj hazırlamaq üçün bu dağ kəndinə ezam olundu.

Yolumuz Şamaxının II Çağan kəndinədir...

Bakıda yaşayanlar üçün Şamaxı ən yaxın və gediş-gəliş üçün ən rahat rayonlardan biri hesab olunur. Amma bu stereotip rayonun dağ kəndi üçün keçərli deyilmiş. Kənd o qədər ucqardadır ki, yolu xəbər almaq istədiyimiz yerli sakinlərdən belə bəziləri ora necə getmək lazım olduğunu deyə bilmədi. Hətta bu kəndi tanımayanlar da tapıldı.

Nəhayət, Bakı-Şamaxı avtobusunun sürücüsündən öyrəndik ki, el arasında "Muğanlı kruqu" deyilən yerdən taksi ilə ora getmək mümkündür. Yalnız taksi ilə, çünki başqa nəqliyyat vasitəsi ora getmir.

Adı çəkilən yerdən kəndə 15 kilometrlik çala-çuxur, az qala "standart" kimi qəbul etdiyimiz "adi" kənd yolu uzanır. Dağların arası ilə meşənin içindən keçib kəndə çatırıq. Yerli camaat buranı Aşağı və Yuxarı Çağana bölür. Aşağı Çağanda ancaq ibtidai məktəb var. Buranı bitirən uşaqlar məcburən Yuxarı Çağana, natamam orta məktəbə gedirlər. Ona görə natamam ki, burada da təhsil cəmi 9 illikdir.

Etiraf edim ki, məktəbə çatıb sinif otağını görənə qədər hələ də inanmırdım ki, məktəbdə cəmi 4 şagird ola bilər. Yaşıllığın, gül-çiçəyin düz ortasında yerləşən məktəbin həyət qapısını açıb köhnə tikiliyə tərəf gedirik. Cəmi 3 otağı və balaca eyvanı olan məktəbin otaqlarından yalnız bir otağı şagirdlər üçündür. Digəri direktorun otağı, 3-cüsü isə qapısı qıfıllı kitabxanadır.

"Dörd uşaqdan biri dördüncü sinifdədir, üçü isə ikinci sinifdə"

Hərflərinin bəzisi qopub düşmüş məktəb adının yazıldığı lövhənin yanından keçib yarıqaranlıq sinif otağına daxil oluruq. Standart dərs otağıdır, amma stol-stulları köhnə, bir az darısqal və odun sobası ilə qızdırılan otaq.

Bizi məktəbin həm direktor, həm direktor müavini, həm də müəllimi vəzifələrini icra edən Kənan İsmayılov qarşılayır. Onun sözlərinə görə, hazırda məktəbdəki 4 uşaqdan biri 4-cü sinifdə, digər üçü isə 2-ci sinifdə təhsil alır. Yəni, bu hesabla gələn məktəbdə cəmi 3 şagird qalacaq:

"Kənddə cavan adam, gənc ailə yoxdur ki, uşaq dünyaya gəlsin və məktəbə gələnlərin sayı artsın. Ümumiyyətlə, bu məktəb yəqin ki, bağlanacaq, çünki şagird yoxdur. Sinifləri birləşdirmişik, elə uşaqların hamısı bir otaqda oturur, dərsi keçirik. Günorta 13:00 radələrində də dərs vaxtı bitir".

Direktor deyir ki, 2-3 il bundan əvvəl təxminən 10 şagird var idi. Məktəbdə indi oxuyanlar kəndin sonuncu uşaqlarıdır:

"Son iki ilə qədər bizdə də iki komplekt idi, dərslər iki növbədə olurdu. Onda dərs saatı da çox idi, mənim özüm üçün də maraqlı olurdu. Amma uşaqlar məzun oldu və onlardan sonra, ümumiyyətlə, uşaq yoxdur. Yaxınlıqda 10-12 şagirdi olan məktəblər var, amma orada perspektiv yoxdur. Çünki illər keçdikcə uşaqların sayı azalır. Yəqin ki, onlar da bağlanacaq. Qonşu kəndlərin əksəriyyətində natamam orta məktəblərdir, amma Pirquluda tam orta məktəb var, orada da cəmi 12 uşaq var".

Dərs vaxtı bitdiyindən şagirdlərin özü ilə söhbətləşə bilməsək də, vəziyyətlə bağlı valideynlərin birindən xəbər aldıq. Adının çəkilməsini istəməyən valideyn deyir ki, burada təhsili davam etdirmək uşaqlar üçün xeyli çətindir. Çünki ibtidai məktəbi bitirsələr belə, sonradan 11 illik təhsili başa vura bilmirlər:

"Qonşu kənddəki 9 illik məktəbə gedirlər, amma kimsə universitetdə oxumaq istəsə gərək 10-11-ci sinifləri bitirmək üçün rayon mərkəzindəki məktəbə getsin. Ona da maddi imkan yoxdur".

Valideynlərdən öyrəndik ki, məktəbin eyvanında gördüyümüz odunları da məktəbə onlar verir. Buradakılar isə qışdan artıq qalanlardır. Dərsliklərin vəziyyəti isə o qədər də pis deyil. Bütün məktəblər kimi, burada da dövlət tərəfindən təmin olunur. Məktəbə lazım olan dərsliklər siyahılaşdırılır, rayon mərkəzinə göndərilir və orada Təhsil idarəsindən lazımi materiallar verilir.

Maraqlıdır, bəs bu kənddə orta məktəbi bitirib, sonradan təhsilini davam etdirən varmı? Ali təhsil alan olubmu?

Kənddə söhbətləşdiyimiz bir neçə nəfərdən ali təhsil alıb-almadığını soruşanda çoxu sualımızı belə cavablandırdı: "Hə, ali məktəb oxumuşam. Şamaxıda Mədəni Maarif Kollecində təhsil almışam". Yaxınlıqdakı kənd məktəbi də cəmi 9 illik olduğundan bu təhsillə uşaqlar yalnız kollecdə, peşə məktəbində oxuya bilir.

Bu məktəbi bitirdiyini deyən Eyvaz Mürsəliyev deyir ki, o da Şamaxının Mədəni Maarif Kollecini bitirib, çilingərdir:

"Amma indi işsizəm. Ailəmə kömək edirəm, odun satmaqla pul qazanırıq".

Son söz əvəzi

Bu kəndə bir də nə vaxt jurnalist ayağı dəyəcək, deyə bilmərik. Bəlkə də, heç vaxt. Çünki kəndin, ciddi dəyişiklik baş verməsə, ömrünə uzağı bir neçə onillik qalıb. Bir halda ki, indi burada məktəbə gedən uşaqlar kənddə "sonuncu mogikan" statusundadır, belə demək, yəqin ki, yanlış olmaz.

Vəziyyəti isə düzəltmək olar və hətta lazımdır. Ölkəmizin cənnət güşələrindən birində - dağların qoynunda, meşənin az qala ortasında yerləşən bu kəndi yaşatmaq üçün bir neçə xırda problemi həll etmək yetərlidir.

Virtualaz.org