Daxili işlər orqanları tərəfindən ölkə ərazisində ərzaq təhlükəsizliyinin qorunması, insan həyat və sağlamlığına təhlükə törədən, mənşəyi məlum olmayan heyvandarlıq məhsullarının satışının qarşısının alınması istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.
Unikal.org xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Balakən rayonunda mənşəyi məlum olmayan külli miqdarda ətin satıldığı barədə əməliyyat məlumatı daxil olub. Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində rayon sakini Fəxrəddin Həmzətov çəkisi 500 kiloqrama yaxın mənşəyi məlum olmayan əti satmaq istəyən zaman saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs Balakən, eləcə də ətraf bölgələrdən əldə etdiyi xəstə atları kəsərək həmin ətlərin iribuynuzlu mal əti adı altında Bakı şəhərində satışını təşkil etmək istəyib.
Kəsilmiş at cəmdəklərindən götürülən nümunələr laborator müayinəyə göndərilib. Ekspert rəyi ilə müəyyən edilib ki, aşkar edilən ət isitifadəyə tam yararsızdır və insan sağlamlığına ciddi təhlükə yarada bilər.
Qeyd edilən faktla bağlı toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Baş İdarənin İstintaq Şöbəsinə göndərilib.