Xəzər dənizinin sahilləri kanalizasiya suları ilə çirkləndirilir. Elə Xəzərin sahillərinə yaxınlaşdıqda, bunu öz gözlərimizlə müşahidə edə bilərik. Xəzərin sahilində yeni salınan fərdi yaşayış evlərinin, sahilboyu düzülən istirahət mərkəzlərinin, heç şübhəsiz ki, kanalizasiya suları birbaşa dənizə axıdılır.
Son illərdə yüksək sürtlə hasarlanan və zəbt edilən Xəzər sahillərində obyektlərin, istirahət mərkəzlərinin, evlərin tikintisi davam edir. Bütün bunlar Xəzərin hər gün daha da çirklənməsinə səbəb olur.
Məlum məsələdir ki, hasarlanan Xəzər sahillərinə yaxınlaşmaq artıq qeyri-mümkündür. Məmurlar tərəfindən özəlləşdirilən, satılan Xəzər sahilləri artıq kimlərinsə mülkiyyətinə, qazanc mənbəyinə çevirilib.
Unikal.org-un musavat.com-a istinadən məlumatına görə, Xəzərə axıdılan çirkab sularını Zığ, Qaradağ, Lökbatan, Ələt, Bibiheybət qəsəbələrindən daha aydın şəkildə müşahidə etmək mümkündür. Bu qəsəbələrdə Xəzər sahillərində yeni evlərin tikintisi davam edir. Həmçinin bu qəsəbələrdə yerləşən böyük istirahət mərkəzlərinin, ticarət mərkəzlərinin kanalizasiya suları Xəzərə axıdılır. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin apardığı monitorinqlər də sübut edir.
Saytın əməkdaşı Xətai rayonu, Naximov və Dənizçi 2 küçələri boyunca Xəzər sahilində salınan yeni fərdi yaşayış evlərinin də bütün kanalizasiya sularının dənizə axıdıldığını lentə alıb. Bu ərazidə salınan yeni evlər Xəzərin qurudulan hissəsində tikilib. Bu ərazidə kanalizasiya sistemi olmadığından sakinlər borular və qazdıqları kanallar vasitəsi ilə çirkab sularını Xəzərə axıdırlar. Həmçinin bu ərazilərdə yaşayan sakinlər zibilxana kimi də Xəzər sahilindən istifadə edir. Xəzərin bu ərazilərdəki sahilində üfunət iyindən dayanmaq mümkün deyil.
Hələ ki, Xəzərin bu ərazisi hasarlanmadığından buraya yaxınlaşıb, baş verənləri öz gözlərimizlə görə bilərik. Lakin sakinlərin dediyinə görə, həmin hasarsız ərazi də artıq satılıb. Torpaq sahəsinin yeni sahibi də kanalizasiya xəttinin onun ərazisindən Xəzərə axıdılmasından narazıdır. Problemin necə həll ediləcəyi isə hər kəsi düşündürür.
Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin apardığı monitorinqlər zamanı Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində fəaliyyət göstərən "Karvansaray" və "Binə" ticarət mərkəzlərinin tullantı sularının birbaşa Xəzər dənizinə axıdıldığı müəyyən edilmişdi.
Nazirliyin monitorinqləri zamanı, həmçinin o da məlum olmuşdu ki, Ələt qəsəbəsində fərdi yaşayış evlərinin, Bakıdakı "Crescent Beach" istirahət mərkəzinin, Salyan şosesinin 32-ci km-də yerləşən "Ramada Baku" istirahət mərkəzinin, Bibiheybət qəsəbəsində yerləşən "Dərya" istirahət mərkəzində balıq məhsulları satan restoranın, "Xəzri" istirahət mərkəzinin, həmçinin Xaçmaz, Şabran və Siyəzən rayonlarında formalaşan tullantı sularının təmizlənmədən və zərərsizləşdirilmədən birbaşa Xəzər dənizinə axıdılır.
Nazirlik tərəfindən aidiyyəti qurumlara edilən xəbərdarlıqda bildirilirdi ki, əgər bu halların qarşısı alınmasa, gələcəkdə daha böyük ekoloji problemlərin yaranması qaçılmaz olacaq.