Bir neçə gün əvvəl Rusiyada vəhşicəsinə döyülən azərbaycanlı həkim komadan ayılıb.
Unikal.org xəbər verir ki, bu barədə haqqın.az saytına həkimin qohumları məlumat veriblər. Məlumata görə, Azərbaycanın Rusiyadakı səfirliyi də Emin Usubovun müalicə olunduğu klinika ilə mütəmadi olaraq əlaqə saxlayır.
Qeyd edək ki, Rusiyada məşhur azərbaycanlı göz həkimi nəmalum şəxslər tərəfindən bir neçə gün əvvəl vəhşicəsinə döyülüb. Hadisə Başqırdıstanın paytaxtı Ufa şəhərində qeydə alınıb. Dünya şöhrətli göz cərrahı E.Usubov evinə gedərkən ona mağazanın qarşısında gözlənilmədən bir neçə şəxs hücum edib və xəsarət yetirib.
Döyülən cərrahın həyat yoldaşı hamilədir. Hamiləliyin son günlərini yaşayan həkimin həyat yoldaşı, ərinin taleyindən narahat olduğunu deyib. Onun sözlərinə görə, Emin heç vaxt münaqişə edən və düşməni olan şəxs olmayıb.
Qadın ərinin döyülməsində günahkar olanların tapılaraq cəzalandırılacağına əmindir. Hadisə ilə bağlı E. Usubovun valideynləri də artıq Ufaya gedib.