Azərbaycanlı model, "Miss Lafarella internet yarışmasının iştirakçısı Günel Mirzəyevanın Həbib Axundova məxsus yaxtada batdığı zaman deputat oğlunun da orada olması ilə bağlı məlumatlara millət vəkili Elmira Axundova münasibət bildirib.
Unikal.org xəbər verir ki, deputat "Yenicag.az saytına açıqlamasında Fövqəladə Hallar Nazirliyinin rəsmi şəkildə medianın sorğusuna cavab olaraq verdiyi açıqlamaları təkzib etməyə çalışıb.
O, israrla oğlunun bu hadisədə günahsız olduğunu iddia edib.
"Ölüm hadisəsi baş verəndə Bakıda olmamışam. Ətraflı olaraq oğlumun özündən soruşa bilərsiniz. Lakin onu da deyə bilərəm ki, oğlum da hadisə yerində olmayıb. Orada olan şəxs onun dostu olub. Haqqında yayılan məlumat isə doğru deyil. Oğlum bu hadisədən sonra orada olmadığı üçün heyfsləndiyini bildirib. Əgər orada olsaydı, batan qızı xilas edərdi. Çünki 15 il üzgüçülüklə məşğul olub.
Bu, sadəcə, bədbəxt hadisədir. Burada nə Həbibin, nə də onun dostunun günahı var. Xəzərdə hər yay minlərlə adam boğulub, dünyasını dəyişir. Ümumiyyətlə, Həbibin heç yaxtası olmayıb. Təfərrüatları tam olaraq bilmirəm. Bu hadisəni şişirdənlər də bizim düşmənlərimizdir. Onlar başqasının bu cür hallarına sevinir. Belə düşmənlərə insan adını da verə bilmərəm, - deyə E. Axundova bildirib.
Məlumatın Fövqəladə Hallar Nazirliyinə (FHN) göndərilən sorğu ilə təsdiq olunduğunu bildirdikdə isə millət vəkili rəsmi təsdiqin də doğru olmadığını deyib:
"Yenə deyirəm, oğlumun heç bir günahı yoxdur. Sadəcə, onu deyə bilərəm ki, məlumat yanlışdır.
Qeyd edək ki, 26 iyun 2017-ci il tarixdə "K-45 adlı "Yamaha 242 Limited S tipli gəzinti kateri batmışdı. Qəza nəticəsində model Mirzəyeva Günel Rəşid qızı həyatını itirmişdi. O zamanlar mətbuatda bu hadisə ilə bağlı çoxsaylı informasiyalar dərc olunmuşdu.
Uzun müddət sonra bu məsələ yenidən gündəmə gəlib. Bu gün Elmira Axundovanın oğlunun həmin yaxtada olmağı rəsmi dövlət qurumunun sorğuya cavabında öz rəsmi təsdiqini tapıb.