Hazırda təqaüddə olan qanun keşikçisi özü qanunları pozmaqda ittiham edilir. 25 il polis orqanlarında çalışan sabiq polis mayorunun bəlkə ağlına da gəlməzdi ki, ahıl yaşlarında qanun qarşısında cavab verməli olacaq. Bakı Ağır Cinayətlər Məhkəməsində 55 yaşlı İlqar Rzayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Unikal.org Virtualaz.org-a istinadən xəbər verir ki, prosesə hakim Zeynal Ağayev sədrlik edib.
İttihama əsasən, İlqar Rzayev Xəzər rayonu, Qala qəsəbəsindəki bağ evinin həyətində qanunsuz olaraq narkotik vasitə olan çətənə bitkisi yetişdirib və kultivivasiya edib. Xəzər Rayon Polis (RPİ) 1-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində İ.Rzayevə məxsus bağ sahəsinə baxış keçirilib. Polis əməkdaşları baxış keçirərkən təmiz çəkisi 1145 qram (1 kq 145 qram) çətənə bitkisi aşkar edilərək götürülüb.
Cinayət Məcəlləsinin 237.2.3-cü (qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə) maddəsi ilə ittiham olunan İ.Rzayevin barəsində Xəzər Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Uzun illər DİN-in Nəqliyyat Polisində işləyən, hazırda təqaüddə olan sabiq polis mayoru istintaq zamanı narkotik istifadəçisi olduğunu etiraf edib. O, ifadəsində yay aylarında bağda qaldığını, mayın əvvəlində ağacları sulayarkən yaşıl otlara rast gəldiyini deyib: "O otların orada necə bitməsindən xəbərim olmayıb. Narkotik istifadəçisi olduğumdan həmin bitkilərə qulluq edib yetişdirdim. Bitkiləri dərib qurudub özüm istifadə etməyə hazırlaşırdım. İyunun 7-də bağda olan zaman bir neçə nəfər həyətə gəlib polis olduqlarını dedilər və evə baxış keçirmək istədiklərini bildirdilər. Baxış zamanı 50 ədəd çətənə kolu aşkarlanaraq götürüldü.
Şahid qismində dindirilən Xəzər RPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili Ata Atayev ifadəsində göstərib ki, Qala qəsəbəsi, Xaşa-Xuna bağlar massivində yaşayan İlqar Rzayevin narkotik bitkilərin kultivasiyası ilə məşğul olması barədə məlumat daxil olub. Əməliyyat qrupu ilə birgə həmin əraziyə yollanıblar. Evin qarşısında dayanmış İ.Rzayevə mənzilə baxış keçirmək istədiklərini deyiblər: "İlqar etiraz etmədi. Həyətə baxış zamanı ağacların dibində əkilmiş çətənə kolu aşkar edildi. Evə baxış zamanı şkafın içərisində 60 ədəd boş kibrit qutusu tapıldı.
Təqsirləndirilən İ.Rzayev istintaq zamanı etirafedici ifadə versə də, məhkəmədə çətənə kollarının ona aid olmadığını deyib. Mənzildən tapılan 60 ədəd kibrit qutusuna gəlincə isə, sabiq polis mayoru "nəvəmə oyuncaq düzəldəcəkdim deməklə kifayətlənib.
Məhkəmə prosesi noyabrın 10-da davam edəcək.