Qaxda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Unikal.org report-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Qax-Şəki yolunun 1-ci kilometrliyində, Kürmük çayı üzərindəki körpünün girəcəyində baş verib.
Belə ki, Zaqatala rayon Əhmədli Köçkün qəsəbə sakini, 1978-ci il təvəllüdlü Elsəvər Qara oğlu Həsənov idarə etdiyi "34-BD-419" dövlət qeydiyyat nişanlı "Lada 2110" markalı avtomobillə Qax şəhəri istiqamətdə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil Kürmük çayı üzərindəki dəmir körpüyə çırpılıb.
Qəza zamanı sürücü və onun sərnişini, Qax rayon Əmbərçay kənd sakini 1990-cı il təvəllüdlü Bəhruz Ramil oğlu Məmmədov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Xəstəxanadan verilən məlumata görə, hər iki yaralıya ilkin tibbi yardım göstərilib. Sürücü E.Həsənova qapalı kəllə-beyin travması diaqnozu qoyulub, vəziyyəti orta-ağırdır. Sərnişin B.Məmmədovun vəziyyəti isə kafidir.
Faktla bağlı Qax rayon Polis şöbəsində araşdırma aparılır.