Cinayət və İnzibati Xətalar məcəllələrinə, "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında qanuna, "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarında əlavə və dəyişiklik edilməsi, o cümlədən "Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında prekursorlardan istifadə məqsədi ilə törədilən əməllərlə əlaqədar həmin prekursorların xeyli və külli miqdarının Siyahısının təsdiqlənməsi təklif olunur.
Unikal.org apa-ya istinadən xəbər verir ki, təklifə əsasən, narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədilə prekursorların xeyli və külli miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, göndərilməsinə, daşınmasına və ya satılmasına görə cinayət məsuliyyəti müəyyənləşir. Cinayət Məcəlləsinin 234.3 maddəsinin sanksiyası (3 ilə qədər azadlıqdan məhrum etmə) buna şamil edilir.
Bunun az miqdarda hazırlanmasına görə isə İnzibati Xətalar Məcəlləsində məsuliyyət müəyyən edilir və 200 manatdan 300 manata qədər cərimə tətbiq olunur. O cümlədən "Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında prekursorlardan istifadə məqsədi ilə törədilən əməllərlə əlaqədar həmin prekursorların xeyli və külli miqdarının Siyahısıda isə bua aid maddələr miqdarları üzrə təsbit edilir.
Layihə Milli Məclisin noyabrın 14-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.