Mətbuat Şurasının (MŞ) təşkilatçılığı ilə "Mediada kriminal hadisələrin işıqlandırılması: İctimai maraqlar və peşəkarlıq mövzusunda dəyirmi masa keçirilib.
Unikal.org apa-ya istinadən xəbər verir ki, dəyirmi masada MŞ sədri Əflatun Amaşov, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev, media rəhbərləri iştirak edib.
Ə. Amaşov çıxışında deyib ki, mediada kriminal xəbərlərin kütləvi şəkildə tirajlanması cəmiyyətə mənfi təsir göstərir.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev bildirib ki, Azərbaycanda söz və məlumat azadlığının təmin edilməsi, KİV-in sərbəst fəaliyyəti üçün zəruri şərait yaradılıb, maddi-texniki bazası gücləndirilib: "Azərbaycan dövlətinin, ictimaiyyətinin mövqeyini ifadə edən və onun haqq səsini dünyaya çatdıran medianın formalaşdırılması və inkişafına hərtərəfli dəstək göstərilməsi əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub, bu gün də prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlətin media siyasətinin başlıca istiqamətləridir. Hazırda Azərbaycanda onlarla televiziya, radio, informasiya agentlikləri, yüzlərlə qəzet və jurnal, internet informasiya resursu fəaliyyət göstərir. Böyük jurnalist ordusu tam sərbəst şəkildə, heç bir kənar təsir olmadan cəmiyyətimizdə və dünyada baş verən məsələlər barədə məlumat, şərh və təhlillər hazırlayır və vətəndaşların diqqətinə təqdim edirlər. Ancaq bəzi hallarda KİV, konkret desək, əsasən internet media mövcud rəqabət mühitində dövlət və ictimai maraqları unudur, nəticələri nəzərə almayaraq vətəndaşlarımıza yanlış, hətta zərərli mesajlar verir. Biz zaman-zaman belə hallarla rastlaşırıq. Məsələn, 2014-cü ildə cəbhə bölgəsində atəşkəs rejiminin pozulması ilə əlaqədar medianın həddən artıq sərbəst davranışı KİV və dövlət orqanları mətbuat xidmətləri rəhbərlərinin məlum müşavirəsini keçirməyə və Azərbaycan prezidenti tərəfindən dövlətin informasiya təhlükəsizliyinin daha etibarlı təmin olunması məqsədilə müvafiq qanunvericilik aktının imzalanmasına səbəb oldu.
PA rəsmisi qeyd edib ki, son iki həftə həm Azərbaycan, həm də region və dünya miqyasında olduqca əlamətdar, tarixi hadisələrlə yadda qalıb: "Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü, milli maraqlara uyğun siyasət nəticəsində dövlətimiz baş verən hadisələrin mərkəzi fiquru kimi növbəti dəfə öz potensialını nümayiş etdirdi. Bakı-Tbilisi-Qars dərmir yolunun istifadəyə verilməsi təkcə Azərbaycan və region dövlətləri üçün deyil, qlobal əhəmiyyəti hadisə kimi tarixə düşdü. Azərbaycan, İran və Rusiya prezidentlərinin Tehranda görüşü və əldə olunmuş nəticələr bir daha göstərdi ki, qlobal transmilli layihələrin təşəbbüskarı və onların reallaşmasında lider mövqeyə malik Azərbaycan həm də regionda ikitərəfli və üçtərəfli əməkdaşlıq formatlarının da əsas təşəbbüskarı və aparıcı fiqurudur.
V. Əliyev deyib ki, bu hadisələr KİV tərəfindən geniş işıqlandırılıb, təhlil edilib, onların əhəmiyyəti xüsusi vurğulanıb: "Ancaq eyni zamanda, internet media və çox təəssüf ki, bəzi qəzetlər paralel olaraq diqqəti həm də kriminal mövzu üzərində fokuslaşdıraraq ciddi ictimai maraq kəsb etməyən məsələni qabarıq şəkildə vətəndaşlarımıza təqdim etdi. Üstəlik, kriminal elementlər haqqında təqdim olunan bir sıra materialları cəmiyyətimiz, xüsusilə gənc nəsil üçün zərərli hesab etmək olar. Soruşula bilər ki, cinayətkarı az qala qəhrəman obrazında təqdim etmək, onun həyatını nümunə kimi göstərmək nə dərəcədə düzgündür?! Gənclərimiz bundan hansı yaxşı nümunəni əxz edə bilər? Ümumiyyətlə, kriminal elementlərlə bağlı hər hansı hadisəni olmazın dərəcədə qabardıb, əsas mövzulardan birinə çevirmək kimin maraqlarına xidmət edir?! Təəssüf ki, bəzi informasiya resurslarımız bir gün ərzində mövzu ilə bağlı 10-a yaxın material təqdim edərkən bu suallar haqqında düşünmürlər.
PA rəsmisi vurğulayıb ki, KİV-in fəaliyyəti sahəsində rəqabət mühiti mövcuddur: "Öz reytinqini yüksəltmək hər bir media orqanının haqqıdır. Ancaq cinayətkarın həyat tərzini populyarlaşdırmaqla bu reytinqi qazanmaq olarmı? Bu yanlış və zərərli mesajların cəmiyyət üçün hansı fəsadlar törədəcəyi məsələsi medianı düşündürməməlidirmi?! Bəzi vaxtlarda telekanallarda da xəbər buraxılışları bu və ya digər şəkildə cinayət hadisələri və bu tipli mənfi yüklü məlumatlarla zəngin olur, xəbərin təqdimatında balans pozulur və tamaşaçıya bədbin əhval-ruhiyyə aşılanır. Düşünürəm ki, bu məsələdə də balans gözlənilməli, xəbər rəngarəngliyi təmin olunmalı, daha çox insanları pozitiv əhvala kökləyən materiallar və məlumatlara üstünlük verilməlidir. Məgər cəmiyyətimizdə yaxşı nümunələr yoxdur?! Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş, sərhədlərimizi etibarlı şəkildə qoruyan qəhrəman hərbçilərimiz, cəmiyyətimizin inkişafına layiqli töhfə verən ziyalılarımızı təbliğ etmək olmazmı?
V. Əliyev bildirib ki, Azərbaycan mediası öz ənənələrinə, prinsiplərinə sadiq qalaraq təkcə reytinq, populyarlıq haqqında düşünməli deyil və öz fəaliyyətində dövlətin və cəmiyyətin maraqlarının müdafiəsi prinsipini daha çox nəzərə almalıdır: "Media da cəmiyyətimiz, vətəndaşlarımız, gənclərimiz qarşısında məsuliyyət daşıyır və öz üzərində düşən məsuliyyəti unutmamalıdır. Media təkcə öz reytinqini deyil, dövlət və cəmiyyət maraqlarını da nəzərə almalıdır. Azərbaycanı istəməyən dairələr var, biz cəmiyyətin fikrini kriminal xəbərlərlə yayındırdıqda, belə dairələrin ayağı açılır. Media vasitələri öz üzərinə düşən məsuliyyəti unutmamalıdır.
"Azərbaycan qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov bəyan edib ki, mətbuat sensasiya ilə özünə oxucu, telekanallar isə qalmaqalla özünə tamaşaçı yığmağa çalışır: "Bu, yanlış yanaşmadır. Kriminal xəbərlərlə maraq çəkmək daha asandır. Amma kriminal xəbərlərin heç birinin ictimai əhəmiyyəti yoxdur. Bəzən kriminal xəbərləri sensasiyalaşdırırlar. Tutaq ki, "Bəxtiyar Sadıqovu maşın vurub yazırlar. Axı Bəxtiyar Sadıqovun yaxınları, qohumları var. Bu nə süni sensasiyadır, bu işin mənəvi tərəfi də var axı... Bu tipli məsələlərdə qınaq da olmalıdır. "Dost dostu öldürdü, "Oğul ananı öldürdü başlıqları ilə xəbərlərin yazılması nəyə xidmət edir?..
"Ədalət qəzetinin baş redaktoru, millət vəkili Aqil Abbas bildirib ki, bəzi media rəhbərləri öz evlərinə apara bilmədikləri qəzetləri başqalarının evlərinə göndərirlər: "Fədayə Laçın sanki Ceyms Bondmuş, iki dustağı qaçırıb. Halbuki külək vursa, dənizə düşər.
"APA Holdingin prezidenti Vüsalə Mahirqızı qeyd edib ki, media hər şeydən yazmalıdır: "Mənim bu məsələdə mövqeyim fərqlidir. Əgər kriminal hadisə baş veribsə, media bunu yazmalıdır. Söhbət kriminal hadisələrə yanaşmadan gedir. Kriminal xəbərlərdə ictimai əhəmiyyəti olan hadisələr var. Media məsələni elə təqdim edə bilər ki, insanlar ondan nəticə çıxara bilərlər. "APA Holdingə daxil olan xəbər saytlarında təcavüz, xüsusən də azyaşlılara təcavüz edilməsi ilə bağlı xəbərlərin yayımlanması qadağandır. Çünki təcavüz cəmiyyətdə "SOS, narahatedici səviyyədə deyil. Bu məsələdən yazanlar heç olmasa, qadının, qızın ad və soyadını, rayonun adını gizlətməlidir. Ümumiyyətlə, qadınlarla, əxlaqsızlıqla, fahişəliklə bağlı hüquq-mühafizə orqanları tərəfindən adlar mediaya verilməməlidir. Dünya praktikasında da bu qayda var.
V. Mahirqızı bildirib ki, medianın fəlsəfəsi hüquqi dövlətin qurulmasında iştirak etməkdir: "Kriminal avtoritetlərin öz qayda-qanunları olur. Bu isə medianın öz fəlsəfəsinə ziddir. Media öz fəlsəfəsinə zidd olan işlə məşğul olmamalıdır. Mən Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsinin kölgədə qaldığını düşünmürəm. Biz APA-da, APA TV-də böyük yazılar, təhlillər verdik, verilişlər yayımladıq. Bakı-Tbilisi-Qars bizim üçün gündəm idi. Sosial şəbəkələrdə əsasən kütlənin maraq dairəsində olan yazıları paylaşırlar. Biz də kütlənin marağında olan xəbərlərə daha maarifləndirici yöndən yanaşmağa çalışmalıyıq. Bundan başqa, sosial şəbəkələrdən linç vasitəsi kimi istifadə olunması da narahatedicidir. Sosial şəbəkələrdən təhdid vasitəsi kimi istifadə olunur. Media öz fəlsəfəsinə uyğun hərəkət etməlidir.
"İki sahil qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib ki, mətbuatda kriminal avtoritetlərin təbliğ olunması gənclərin vətənpərvərlik ruhunda tərbiyə almasına böyük zərbədir: "Hətta kriminal avtoritetlərin qəbirlərinin fotoları yayılır. Bu da gələcək nəslin təlim-tərbiyəsində böyük problemlər yaradır. Düzdür, telekanallarda Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi ilə bağlı kifayət qədər verilişlər hazırlandı. Lakin təəssüflər olsun ki, sosial şəbəkələrdə, xəbər saytlarında biz bunun əksini gördük.
Tədbirdə "Səs qəzetinin baş redaktoru Bəhruz Quliyev, "Gündəlik Teleqraf MMC-nin direktoru Aynur Camalqızı, "Bakı xəbər qəzetinin baş redaktoru Aydın Quliyev və digərləri də çıxış ediblər.