"Rusiya Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") əməkdaşları bu il iki dəfə - mart və aprel aylarında Azərbaycanda səfərdə olublar. Səfərdə əsas məqsəd Türkiyə kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracına qoyulan qadağadan sonra, Türkiyə mənşəli məhsulların Azərbaycan məhsulu adı altında qonşu ölkəyə ixrac olunub-olunmamasını müəyyənləşdirmək və qarşısını almaqdır".
Unikal.org xəbər verir ki, bunu "Report"a açıqlayan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin (DFNX) rəisi Camal Quliyev bildirib ki, nümayəndə heyəti Bakıətrafı kəndlərdə, eyni zamanda bölgələrdə yaradılan istixanalara gedərək, xarici dövlətlərə ixrac üçün nəzərdə tutulan tərəvəz məhsulları, əsasən də pomidor sortlarının yetişdirilmə texnologiyası, qablaşdırılması və yüklənməsi ilə yaxından tanış olublar.
"Səfər çərçivəsində nümayəndə heyəti Dövlət Xidmətinin bir neçə laboratoriyasına baş çəkərək, avadanlıqlar və bitki məhsullarının laborator yoxlanması üsulları ilə tanış olublar. Qonaqlar bu laboratoriyaların Milli Akkreditasiya Sistemində qeydiyyatdan keçməsini və hazırda beynəlxalq akkreditasiya almağa hazırlaşmasını, həmçinin laboratoriyaların diaqnostik fəaliyyətini çox böyük razılıqla qarşılayıblar. Onlar həmçinin daxili bazarda satışa çıxarılan, ölkəyə idxal olunan və ya xaricə ixrac edilən kənd təsərrüfatı məhsullarının laborator analizinin hansı qaydada aparılması və sertifikatların verilməsi prosesi ilə yerində tanış olublar", - deyə DFNX başçısı qeyd edib.
Nümayəndə heyəti ilə görüşdə Azərbaycanın Rusiyaya meyvə-tərəvəz ixracını artırmaq istədiyini deyən C.Quliyev qeyd edib ki, əlverişli iqlim şəraiti ilə yanaşı, ölkədə kənd təsərrüfatının inkişafına verilən dəstəyin də bol məhsul əldə etməyə şərait yaradır: "Onlara ölkə rəhbərliyinin sərəncamları ilə kənd təsərrüfatı sahəsində məşğul olanlara ayrılan subsidiyalar, kənd təsərrüfatı məhsulları istehsalçılarının vergidən azad olunması, "bir pəncərə" sistemi, həmçinin idxal-ixrac əməliyyatlarını sadələşdirən gömrük prosedurları barədə məlumat verdim. Qonaqlar da Rusiyanın Azərbaycandan kənd təsərrüfatı məhsullarının idxalını artırmaq niyyətində olduğunu diqqətə çatdırıblar".
Xidmət rəisinin sözlərinə görə, görüşdə Rusiya nümayəndə heyətini maraqlandıran daha bir məsələyə aydınlıq gətirilib: "Biz Türkiyə kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracına qoyulan qadağalardan sonra Türkiyə pomidorunun Azərbaycan pomidoru adı altında Rusiyaya ixrac olunması cəhdlərinin artması ilə bağlı narahatlığına da aydınlıq gətirdik. Onların diqqətinə çatdırdıq ki, bu məqsədlə DFNX-nin bir qrup mütəxəssisindən ibarət işçi qrupu fəaliyyət göstərir. Onlar istixanalara gedərək məhsulların Azərbaycan mənşəli olub-olmamasını yerində yoxlayır və istehsal yerindən bütün nümunələri götürərək Dövlət Xidmətinin laboratoriyalarına təqdim edirlər. Laboratoriyalarda müvafiq analizlər aparıldıqdan sonra yalnız Azərbaycan mənşəli pomidorlara sertifikat verilir. Eyni zamanda, fitosanitar müfəttişlər istehsal yerlərində məhsulun yığımında, qablaşdırılmasında və yüklənməsində iştirak edirlər".
DFNX rəisinin sözlərinə görə, sertifikatın verilməsində idxalçı ölkənin tələblərinə diqqətlə yanaşmağımıza baxmarayaq, "Rosselxoznadzor" Rusiyaya bitkiçilik məhsullarının ixrac edilməsi üçün yeni tələblər irəli sürüblər: "Birinci tələb odur ki, bitkiçilik məhsulları istehsal edən istixana və təsərrüfatlar haqqında məlumatlar Rusiyaya təqdim edilməlidir. İkincisi, Rusiyaya bitkiçilik məhsulları hər bir istehsalçıya məxsus qablaşdırma materialı - taralarda göndərilməli və qablaşdırma materialları Gömrük İttifaqının tələblərinə uyğun markalanmalıdır. Sonuncu maddədə isə qeyd edilir ki, bitkiçilik məhsullarına verilən fitosanitar sertifikatlarda istehsalçının adı və ünvanı qeyd edilməlidir".
Qeyd edək ki, bununla əlaqədar Azərbaycan DFNX rəisi iş adamlarına və sahibkarlara müraciət ünvanlayıb: "Rusiya ilə fitosanitar sahədə vəziyyətin pisləşməsinə səbəb olacaq addımların atılmasına yol verilməməli və Azərbaycan adı altında ixracına qadağan qoyulmuş ölkələrin məhsullarının göndərilməsinə cəhd edilməməlidir. Çünki, hazırda müasir laboratoriyalar sistemində bunu çox rahat müəyyən etmək olur. Sahibkarlar özlərinə məxsus qablaşdırma materiallarının yaradılmasında, markalanmasında maraqlı olsunlar və öz qablaşdırma mareriallarını digər işbazlar tərəfindən əldə edilməsinə şərait yaratmasınlar. Əgər belə bir hal olarsa, yaxın gələcəkdə Rusiya tərəfindən Azərbaycan kənd təsərrüfatı məhsullarının ixracına müvəqqəti qadağanın qoyulması məsələsi gündəmə gətirilə bilər".