Milli Məclisin büdcə müzakirələri iclasında, 63 saylı Sabirabad birinci seçki dairəsindən seçilmiş Elçin Quliyev təmsil olunduğu rayonun problemlərini səsləndirib.

Unikal.org xəbər verir ki, E.Quliyev mövcud problemlərin həll üçün hökumət üzvlərinə müraciət edib. 

"Bu gün "Büdcə sistemi haqqında Azərbaycan Respublikası Qanununun 23.2 və 23.7-ci maddələrinin tələblərinə uyğun olaraq təqdim olunmuş "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu layihəsi təqdim olunub. Qanun layihəsi əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin davam etdirilməsi, bank-maliyyə sistemində dayanıqlılığın təmin olunması, ölkənin xarici və daxili borc öhdəliklərinin tənzimlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu da onu göstərir ki, büdcə layihəsi mükəmməl hazırlanıb. Qlobal iqtisadiyatın bərpa olunması və bu meyllərin güclənməsi nəticəsində neftin qiymətinin ötən ildəki azalmadan sonra və onun qiyməti 60 ABŞ dolları civarındadır. Bununla belə, neftin qiymətinin sabitləşməsi fonunda struktur islahatlarının aparılması ölkənin iqtisadi və sosial inşafı üçün mühüm əhəmiyyət kəsb edir. Bu islahatların səmərə verməsi təbii ki, qısa müddət ərzində mümkün olmayacaq və müəyyən vaxt tələb edəcəkdir. Son illər ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında aparılan struktur islahatlar keyfiyyətcə yeni prioritetləri müəyyən edərək innovasiya əsaslı inkişaf modelinə keçidi şərtləndirmiş, yüksək rəqabət qabiliyyətli və diversifikasiya olunmuş iqtisadiyyatın formalaşmasını sürətləndirib. Azərbaycanda yaradılmış böyük iqtisadi potensial və aparılan məqsədyönlü islahatlar, iqtisadiyyatın şaxələndirilməsi, investisiyaların təşviqi, biznes mühitinin yaxşılaşdırılması, qeyri-neft ixracının stimullaşdırılması, iqtisadi idarəetmənin təkmilləşdirilməsi və digər tədbirlər iqtisadiyyatın davamlı inkişafını təmin edir. Dövlət büdcəsini təhlil edərkən ümumi makroiqtisadi siyasətin tərkib hissəsi olan büdcə-vergi siyasətinin real gözləntilər üzərində qurulduğu, onun ortamüddətli gəlirlər və xərclər üzrə öhdəliklərdən kənara çıxmadığını, fiskal şəfaflığın qorunması, büdcə vəsaitlərinin xərclənməsinə nəzarətin gücləndirilməsi prinsipləri əsasında qurulduğunu qeyd etmək olar. Bütün bunlar sözsüz ki, ölkənin əsas hərəkətverici qüvvəsi olan özəl sektorun inkişafını stimullaşdırmaq və onlara yeni istehsal sahələrini qurmaq üçün lazımi şəraiti yaratmaqdır. Bu sahədə İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış ölkə başçısının imzaladığı sənədlərlə hazırda uğurla həyata keçirilən islahat tədbirlərini xüsusi vurğulamaq istərdim. Bunlara, yeni qəsəbədə - Ələtdə yaradılmış xüsusi iqtisadi zona, bir neçə sənaye parkları, sənaye məhəllərini, aqroparkları göstərmək olar. Təmsil etdiyim Sabirabad rayonunda sənaye məhəlləsinin yaradılması rayonun sosial-iqtisadi inkişafında mühüm rol oynamasını xüsusi qeyd eymək istərdim. Hazırda bu istiqamətdə intensiv işlərin aparılmasına görə öz təşəkkürümü bildirirəm. Fürsətdən istifadə edərək 63 saylı Sabirabad şəhər dairəsindən deputat seçildiyim üçün hökumət üzvlərinin burda olmasından istifadə edib bir vacib məsələni diqqətinizə çatdırmaq istəyirəm. Cənab Prezidentimizin tapşırığına əsasən respublikanın bütün rayonlarında su kanalizasiya sistemi yenidən qurulur. Sabirabad rayonunda da yeni, müasir su xətləri çəkilib şəhər sakinlərinin istifadəsinə verilib. Bundan əlavə olaraq bildirirəm ki, bu işlər icra olunduğu zaman küçələrin asfalt örtüyü yarıtmaz vəziyyətə düşüb. Bunun da səbəbi təbii ki, smetada vəsaitin nəzərdə tutulmamasıdır. Rayon mərkəzində yaşayan sakinlər ilə görüşdükdə bu məsələni xüsusi olaraq xahiş edirlər. Lakin kanalizasiya çəkilişi planda olmadığına görə bu iş icra olunmamışdır. 2018-ci ilin büdcəsində Sabirabad rayonunun mərkəzinə kanalizasiya xəttlərinin çəkilməsi məsələsini hörmətli hökumət üzvlərinin burda olmasından bir daha istifadə edərək kanalizasiya xətlərinin və şəhər daxili yollara asfalt örtüyü çəkilməsi növbəti ilin büdcəsində ehtiyat fondundan yaxud investisiya vəsaitində nəzərdə saxlanılmasını xahiş edirəm. Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan Qanun layihəsini dəstəkləyirəm və onun qəbul olunmasına səs verəcəyəm".