ABŞ-da 11-17 noyabr həftəsində neft hasilatı 13 min barel və ya 0,13% artaraq 9,658 mln. barel/günə çatıb.
Unikal.org xəbər verir ki, bu məlumatı ABŞ Energetika Nazirliyinin Energetika informasiyaları agentliyi (EİA) həftəlik hesabatında yayıb.
Hesabatda bildirilir ki, təhlil olunan dövr ərzində ABŞ-dakı neft ehtiyatları 1,855 mln. barel və ya 0,4% azalaraq 457,1 mln. barelə düşüb. Qeyd edək ki, analitiklər ehtiyatların 2,2 mln. barel azalacağını ehtimal edirdilər.
Bununla yanaşı, ABŞ-ın benzin ehtiyatlarında da cüzi də olsa, artım müşahidə olunub. Analitiklər benzin ehtiyatlarının 1mln. barel artacağını ehtimal etsələr də, ehtiyatlar 0,044 mln. barel artıb.
Açıqlanan məlumatlardan sonra "Brent" markalı neftin qiyməti 63 dollar/barelə yüksəlib. Qiymət artımına səbəb həmçinin OPEC+ ölkələrinin noyabrın 30-da Vyanada keçirilməsi gözlənilən növbəti sammitidir. Bu sammitdə 2018-ci il martın 31-də bitən OPEC+ anlaşmasının ilin sonuna qədər uzadılması gözlənilir. Bəzi məlumatlara görə, sammitdə hasilatın bir qədər də azaldılması məsələsi müzakirə oluna bilər.