Azərbaycanın energetika naziri Pərviz Şahbazov noyabrın 24-də Boliviyanın Santa Kruz şəhərində keçirilən Qaz İxrac edən Ölkələr Forumuna (Gas Exporting Countries Forum - GECF) üzv ölkələrin dövlət və hökumət başçılarının IV Zirvə Toplantısında iştirak edib.

Energetika Nazirliyindən Unikal.org-a verilən məlumata görə, toplantıda təbii qaz ehtiyatlarının suverenliyinin təşviqi, qaz bazarında sabitliyin təmin olunmasına töhfə verilməsi, üzv ölkələr arasında texnologiya mübadiləsinin yaxşılaşdırılması, Forumun təbii qaz sektorunda etibarlı və lider qurum kimi mövqeyinin möhkəmləndirilməsi kimi məsələlər müzakirə olunub.

Sammitdə çıxış edən P. Şahbazov Azərbaycan prezidenti İlham Əliyevin salamlarını və Forumun uğurlu işi ilə bağlı ən xoş arzularını tədbir iştirakçılarına çatdırıb. Azərbaycanın 2001-ci ildən etibarən Forumun işini diqqətdə saxladığını, 2015-ci ildə isə müşahidəçi statusu aldığını xatırladaraq bildirib ki, Forum enerji sahəsində qlobal çağırışların müzakirəsi, beynəlxalq qaz bazarının tənzimlənməsi, qaz istehsalı və tədarükü sahəsində yeni texnologiyaların tətbiqi üzrə təcrübə mübadiləsi və tərəfdaşlar ilə dialoq üçün effektiv bir platformadır. Karbohidrogen ehtiyatlarının quruda və dənizdə ilk dəfə olaraq Azərbaycanda çıxarıldığını vurğulayan nazir deyib ki, müstəqillik qazandıqdan sonra ölkəmiz regional və qlobal səviyyədə strateji enerji layihələrinin təşəbbüskarı olub. Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa neft kəmərlərinin və Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisi və fəaliyyəti Azərbaycanı qlobal enerji təhlükəsizliyinə töhfə verən etibarlı tərəfdaşa çevirib. Transmilli enerji layihələrindən olan "Cənub Qaz Dəhlizinin reallaşdırılması ilə Azərbaycan qazı yeni mənbə kimi Avropa bazarlarına daxil olaraq, qitənin enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayacaq.

Forum çərçivəsində energetika naziri ilə Boliviyanin energetika naziri Luis Alberto Sançes, eləcə də tədbirdə iştirak edən digər ölkələrin nümayəndə heyətlərinin rəhbərləri arasında ikitərəfli görüşlər keçirilib. Görüşlərdə energetika sektorunda əməkdaşlıq imkanları müzakirə olunub.

Xatırladaq ki, Qaz İxrac edən Ölkələrin Forumunun 12 əsas (Əlcəzair, Boliviya, Misir, Ekvatorial Qvineya, İran, Liviya, Nigeriya, Qətər, Rusiya, Trinidad və Tobaqo, Venesuela və BƏƏ) və 7 müşahidəçi (Azərbaycan, Qazaxıstan, Niderland, Norveç, İraq, Oman və Peru) üzvü var.