Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə komissiyanın ilk iclası keçirilib.
Vergilər Nazirliyindən unikal.org-a daxil olan xəbərə görə, iclasda Azərbaycan tərəfdən həmsədri, vergilər naziri Fazil Məmmədovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti, Xorvatiya tərəfdən isə Birgə Komissiyanın həmsədri, baş nazirin müavini, iqtisadiyyat, sahibkarlıq və peşə naziri Martina Daliçin başçılıq etdiyi Xorvatiya nümayəndə heyəti iştirak edib.
F.Məmmədov bildirib ki, iki ölkə arasında diplomatik əlaqələrin qurulmasından keçən dövr ərzində ölkə prezidentlərinin qarşılıqlı səfərləri həyata keçirilib, bir neçə dəfə yüksək səviyyədə görüşlər olub, ölkələrimizin qarşılıqlı əlaqələri ilə bağlı 20-dək müqavilə imzalanıb. Qeyd olunub ki, ölkələrimiz arasında 2016-cı ildə ticarət dövriyyəsinin həcmi 284,7 mln. ABŞ dolları təşkil edib ki, bunun da 51,2 mln. dolları idxalın, 233,5 mln. dolları ixracın payına düşüb. 2017-ci ilin yanvar-sentyabr ayları üzrə ticarət dövriyyəsi 105 mln. ABŞ dolları həcmində olub.
Komissiya qarşısında duran mühüm istiqamətlərdən birinin iqtisadi əlaqələrin genişləndirilməsinə dəstək verilməsi olduğunu deyən F.Məmmədov aparılan danışıqların, əldə olunan razılaşmaların və imzalanan sənədlərin ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafına zəmin yaradacağına əminliyini ifadə edib.
İclasın sonunda Azərbaycan ilə Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 1-ci iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi komissiyanın həmsədrləri - Azərbaycan Respublikasının vergilər naziri Fazil Məmmədov və Xorvatiya baş nazirinin müavini, iqtisadiyyat, sahibkarlıq və peşə naziri Martina Daliç imzalayıb.