Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminat verilməsi və hesablanmış faizlərə görə subsidiya verilməsi qaydalarını təsdiq edib.

Unikal.org xəbər verir ki, bu barədə şərh verən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ayaz Çaparlı azertac-a bildirib ki, Azərbaycan sahibkarlarının kredit almaq imkanları daha da genişlənib. Yeni qaydalara əsasən əlverişli kredit üçün sadə mexanizm qurulub. Belə ki, ilk növbədə borcalan kredit sifarişi ilə müvəkkil banka müraciət edir. Sonra bank təhlil aparır və əgər münasibdirsə, zəmanət üçün "Kredit Zəmanət Fonduna müraciət edir. 200 min manat və ondan aşağı məbləğdə olan zəmanətin verilməsi üzrə 3 iş günü, 200 min manatdan yuxarı olan məbləğdə isə 10 iş günü ərzində qərar qəbul edilir.


O deyib ki, zəmanət almaq üçün "Kredit Zəmanət Fondu və müvəkkil banklar arasında çərçivə müqaviləsi bağlanılır. Zəmanət yalnız Azərbaycanın qeyri-neft sektorunda olan sahibkarların öhdəlikləri üzrə verilir. Bundan əlavə, zəmanət veriləcək kreditlər aşağıdakı tələblərə cavab verməlidir: Kreditin məbləği 30 000 (otuz min) manatdan az olmamalı; bir borcalanın və ya bir-biri ilə əlaqədar borcalanlar qrupunun bütün müvəkkil banklar üzrə zəmanət verilən cəmi kreditlərinin məbləği 3 000 000 (üç milyon) manatdan çox olmamalı; kreditin müddəti 7 (yeddi) ildən çox olmamalı; kredit xəttinin müddəti 12 (on iki) aydan artıq olmamalı; kredit üzrə güzəşt müddəti 2 (iki) ildən artıq olmamalı; dövriyyə vəsaitlərinin maliyyələşdirilməsi məqsədilə alınmış kreditlərin müddəti 2 (iki) ildən artıq olmamalıdır.

Zəmanət kreditin yalnız əsas borcu üzrə verilir və bir kredit üzrə zəmanətin kreditə nisbəti 15 faizdən az və 75 faizdən çox olmamalıdır. Həmçinin bir borcalan üzrə bir zəmanətin aşağı həddi 15 000 (on beş min) manat, bütün zəmanətlərin yuxarı həddi isə 500 000 (beş yüz min) manat məbləğində olmalıdır.

Yeni fəaliyyətə başlayan sahibkarların kreditləri üzrə zəmanət maliyyələşdirilməli olan layihənin ümumi dəyərinin minimum 25 faizi həcmində vəsaiti borcalanın müvəkkil bankdakı hesaba mədaxil etməsi və ya borcalanın layihə üzrə xərclədiyi vəsaitlərin layihənin ümumi məbləğinin minimum 25 faizi təşkil etməsi (ödəniş sənədləri ilə təsdiq olunduqda) halında verilir. Eyni zamanda, zəmanət verilmiş kredit vəsaitlərindən borcalan yalnız təyinatına uyğun və nağdsız qaydada istifadə etməlidir.

A.Çaparlı əlavə edib ki, "Kredit Zəmanət Fondu sahibkarlar tərəfindən manatla alınan kreditlərə hesablanmış faizlərə görə də subsidiya verəcək. Subsidiyasının verilməsi üçün müvəkkil bankın müraciəti "Kredit Zəmanət Fonduna zəmanət alınması ilə bağlı tələb olunan sənədlərlə eyni vaxtda təqdim edilir. Sözügedən faiz subsidiyası illik faiz dərəcəsi 20 faizdən çox olmayan kreditlər üçün verilir və faiz subsidiyası kreditin faiz dərəcəsinin azı 6 faiz bəndini borcalanın ödəməsi şərtilə aşağıdakı hədlərdə verilir: Müddəti 3 (üç) il və ondan az olan kreditlər üçün - illik faiz dərəcəsinin 8 faiz bəndi miqdarında; müddəti 3 (üç) ildən artıq olan kreditlər üçün - illik faiz dərəcəsinin 10 faiz bəndi miqdarında.

O diqqətə çatdırıb ki, müddəti üç ildən artıq olan kreditlər üçün faiz subsidiyası yalnız 3 il müddətində verilir: "Qeyd etmək lazımdır ki, subsidiya dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. "Kredit Zəmanət Fondu sahibkarlıq subyektlərində monitorinq sistemi quracaq. Monitorinqin başlamasından ən azı 3 (üç) iş günü əvvəl sahibkarlıq subyekti və müvəkkil banka monitorinq barədə məlumat verilir. Prezident İlham Əliyev tərəfindən "Kredit Zəmanət Fondunun yaradılması real sektorla maliyyə sektoru arasındakı iqtisadi tarazlığın bərpa olunması, maliyyə risklərinin bölünməsi, bankların dayanıqlılığının və real sektora maliyyə axınının gücləndirilməsi, əks-dollarlaşmanın stimullaşdırılması və Azərbaycanda rəqəmsal ödənişlərin genişləndirilməsinə nail olmaq üçün mühüm bir addımdır. Bu, maliyyə inklüzivliyinin artırılması, sahibkarların maliyyə mənbələrinə çıxış imkanlarının genişləndirilməsi və maliyyə xidmətləri ilə təminatının yaxşılaşdırılmasına xidmət edəcək. Ölkədə maliyyə inklüzivliyinin artımına nail olunması iqtisadi fəaliyyətin dəstəklənməsinə, sahibkarlığın inkişafına, məşğulluğun yaxşılaşdırılmasına da əlavə dəstək verəcək".

Qeyd edək ki, "Kredit Zəmanət Fondunun yaradılması "Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"ndə öz əksini tapmış islahatlardan biridir. Belə ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan kompleks iqtisadi islahatların növbəti mühüm tədbiri qeyri-neft sektorunun inkişafı və yeni iş yerlərinin yaradılması üçün münbit şərait yaradır.

Xatırladaq ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədi ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzunmüddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.