Rusiyada "Planeta KVN" gənclər mərkəzinin rəhbəri Aleksandr Maslyakov vəzifəsindən istefa verib.

1961-ci ildə "KVN" yaradılarkən onun ilk aparıcısı olmuş Maslyakov yarışmanın simvollarından birinə çevrilmişdi.

Unikal.org "Azadlıq radiosuna istinadən xəbər verir ki, bu qəfil və müəmmalı istefaya aydınlıq gətirməyə çalışan jurnalistlər "Planeta KVN"ə müraciət ediblər.

Onlara bildirilib ki, istefa Maslyakovun könüllü qərarıdır və qətiyyən "Transparency İnternational" təşkilatının şikayəti əsasında prokurorluqda aparılan araşdırma ilə bağlı deyil. O, hələ ilin əvvəlində istefa vermək istəyib, amma məsələ bürokratik səbəblər üzündən ləngiyib.


"Transparency İnternational"ın araşdırmasına görə, "Planeta KVN" mərkəzində maraqların toqquşması problemi olub. Maslyakov təşkilatın balansındakı "Havana" kinoteatrını özünə və ailəsinə məxsus olan şirkətə satıb. Bunu Moskvanın daşınmaz əmlaka departamenti ilə razılaşdırmayıb.

"Transparency International bu ilin mayında Maslyakovun fəaliyyətinin yoxlanması üçün prokurorluq orqanlarına müraciət edib.

Bu müraciətə cavab verən prokurorluq bildirmişdi ki, Maslyakov razılaşmanı daşınmaz əmlak departamenti ilə razılaşdırıb.

"Transparency İnternational" bu cavaba qane olmayıb.

Nəticədə Moskva hökuməti Maslyakovu işdən çıxarıb. Amma "Planeta KVN" bu xəbəri təkzib edir.

Maslyakov bu qurumun rəhbəri vəzifəsini 2013-cü ildən tuturdu.

O, 1941-ci il noyabrın 24-də Sverdlovskda (Yekaterinburq )doğulub. 1968-ci ildə Televiziya işçiləri üçün ali kursları bitirib.

"Şən və hazırcavablar Klubu" əyləncə proqramı 1961-ci ildə açılıb. Maslyakov Svetlana Jiltsova ilə onun ilk aparıcısı olub.

1971-ci ildə veriliş bağlanıb. Maslyakov televiziyada başqa işlərdə çalışıb.

Sonradan yenidən "KVN"ə qayıdıb.

2006-cı ildə Maslyakov arvadı Svetlana ilə birlikdə "Aleksandr Maslyakov və şirkəti"ni yaradıb.

Bu şirkət KVN brendinin eksklüziv sahibidir. Şirkətin rəhbəri Maslyakovun oğludur.

"KVN"nin uzun müddət öz arenası olmayıb.

2011-ci ildə prezident Vladimir Putin "Havana" kinoteatrını "Planeta KVN"ə verib.