2017-ci il üçün əhali qrupu üzrə təbii qaza təyin olunan limit dekabr ayının sonunda sıfırlanacaq.
Unikal.org xəbər verir ki, bu barədə AZƏRTAC-a "Azəriqaz İstehsalat Birliyinin (İB) ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
"Son günlər bəzi istehlakçılar tərəfindən təbii qaza görə tətbiq edilən limitlə əlaqədar daxil olan müraciətlərə cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının qərarına heç bir əlavə və dəyişiklik edilməyib. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2016-cı il 22 dekabr tarixli, 19 nömrəli qərarına uyğun olaraq 2017-ci ilin yanvar ayının 1-dən etibarən əhali qrupu üzrə istehlak olunan təbii qazın illik həcminin 1700 kubmetr olan hissəsinin dəyəri 10 qəpiklə, 1700 kubmetrdən artıq istifadə olunan hər kubmetr qazın dəyəri isə 20 qəpiklə hesablanır. Nəzərinizə çatdırırıq ki, 2017-ci il üçün təyin olunmuş limit dekabr ayının sonunda sıfırlanacaq. Bu il olduğu kimi 2018-ci ilin yanvar ayının 1-dən etibarən əhali istehlakçılarının illik istehlak həcmi 1700 kubmetr (170 AZN) 10 qəpik tarifi ilə, illik istehlak həcminin 1700 kubmetrdən (170 AZN) artıq olan hissəsinin hər kubmetri isə 20 qəpik tarifi ilə hesablanacaq. Həmçinin "Smart ITRON məişət qaz sayğaclarından istifadə edən əhali istehlakçıları üzrə 1700 kubmetr limit 2018-ci il yanvarın 1-i tarixindən başlayaraq smart karta aparılan ilk ödəniş əməliyyatından etibarən hesablanacaq, - deyə "Azəriqazdan bildirilib.
Qeyd edilib, Tarif Şurasının qərarı ilə differensial (şaxələndirilmiş) tarif mexanizminin tətbiq edilməsi və bunun nəticəsində məhz əhali üçün daha münasib tarifin tətbiq edilməsini, aztəminatlı ailələr eləcə də əhalinin əksəriyyəti üçün əvvəlki tarifin dəyişməzliyini təmin edir. Bununla da, ödənişlərində artım olmayan əhali abonentlərinin sayı təbii qaz üzrə 75 faiz təşkil edir.