Türkiyənin Bakıda fəaliyyət göstərən məşhur "KİNG şirkəti müştəriyə satdığı məhsulu yararsız olmasına baxmayaraq geri götürmür.
Bu barədə Binəqədi rayon sakini Tünzalə Abbasova şikayətini unikal.org-a bildirib. O, vurğulayıb ki, bir müddət əvvəl mobil nömrəsinə zəng gəlib və özünü "KİNG şirkətinin əməkdaşı kimi təqdim edən bir xanımla danışıb:
"Həmin xanım bildirdi ki, sizi təbrik edirik! Mobil nömrəniz "KİNG şirkətinin təşkil etdiyi kompaniyaya düşüb. Siz bizim məhsullardan güzəştli şərtlərlə yararlana bilərsiniz. Əlavə etdi ki, mənə 200 manat dəyərində hədiyəli (ətir, tərəzi) Tozsoran King K 371 məhsulunu təqdim edə bilərlər. Məhsulu bəyənmədiyiniz halda onların ofisləri ilə əlaqə saxlayıb geri qaytara da bilər. Mən də buna razılıq verdim. Şirkətə ödəniş etdikdən sonra tozsoran evimizə gətirildi.
Tünzalə Abbasova vurğulayıb ki, hər şey bundan sonra baş verib:
"Tozsoranı evi təmizləmək üçün işə saldım. Amma heç bir təmizləyici funksiyasını görə bilmədim. Tozsoran yaxşı işləmədiyi üçün şirkətlə əlaqə saxladım. Məhsulu geri qaytarmaq istəsəm də, bu baş tutmadı. Əvvəl məhsulu geri alacaqlarını desələr də, sonradan heç telefon zənglərimə də cavab verilmədi.
Bununla əlaqədar Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynova müraciət etmişəm və ümid edirəm ki, problem tezliklə öz həllini tapacaq.
Məsələ ilə bağlı sözügedən qurumun rəhbəri Eyyub Hüseynov Unikal.org-a açıqlama verib.
E.Hüseynov diqqətə çatdırıb ki, işbazlar camaata zəng vurub "sizin nömrəniz uduşa düşüb, məhsullarımızdan yararlana bilərsiniz kimi ifadələrlə insanları öz tələlərinə salırlar: "Sonra da saxta məhsulları istehlakçıya satıb, ərazini tərk edirlər. Halbuki, onların yerləşdiyi ofislər olmur. Bunun da səbəbi məlumdur! Müşətəri də satılan məhsulun keyfiyətsiz olmasından xəbərsizdir. Məhsulu geri qaytarmağa gələndə isə onlarla əlaqə qura bilmir və beləliklə istehlakçı işbazların qurbanı olur. Bu cür "şirkətlər insanların telefon nömrələrini də haradan əldə etdikləri müəmmalıdır.
Eyyub Hüseynov istehlakçılara müraciət edərək bu məsələdə diqqətli olmağa çağırıb: "Yuxarıda qeyd etdiyim kimi, onlar keyfiyətsiz məhsullarını pul alana kimi istənilən "həvəsləndirici yollarla müştəriyə satmağa cəhd edirlər. Belə hallarda vətəndaşlarımızın o cür fırıldaqçılara etimad göstərməmələri xahiş edirəm. Əks halda Tünzalə Abbasovanın "gününə düşəcəklər.
Xatırladaq ki, "KİNG şirkəti Türkiyədə 1953-cü ildə yaradılıb və məişət texnikasının istehsalına və geniş idxalına malikdir. Bu şirkətin məhsulları Azərbaycanda müxtəlif elektron elan saytlarında reklam olunmasına baxmayaraq, Bakıda hansı ünvanda fəaliyət göstərməsi isə müəmmalı olaraq qalır.
Zaurə Əmirova