Prezident İlham Əliyevin bu ilin iyul ayının 12-də Nazirlər Kabinetinin geniş müşavirəsində ölkə iqtisadiyyatına özəl sərmayələrin artırılması ilə bağlı icra başçılarına verdiyi vaxt gələn həftə - dekabrın 15-də bitir.
Unikal.org xəbər verir ki, "Yeni Müsavatın bu mövzuda hazırladığı materialda bildirilir ki, nazirlərin, Prezident Administrasiya rəhbərliyinin də iştirak etdiyi müşavirədə ölkə iqtisadiyyatına özəl sərmayələrin artırılmasının vacibliyi haqda danışan dövlət başçısı icra başçıları qarşısında konkret müddət qoymuşdu.
Prezident çıxışında demişdi ki, özəl sərmayənin cəlb edilməsi üçün təkcə mərkəzi icra orqanları məsuliyyət daşımırlar: "Xüsusilə, bölgələrdə investisiyaları cəlb etmək üçün icra başçıları gərək fəal olsunlar. Bəzi yerlərdə bu fəallıq, nəticələr var, amma bəzi yerlərdə bu fəallıq yoxdur, biganəlik var.
Dövlət başçısı konkret olaraq icra başçılarına vaxt da vermişdi. "İlin sonunda - dekabr ayında Prezident Administrasiyası və İqtisadiyyat Nazirliyi mənə məlumat, siyahı verməlidir ki, hansı rayonda nə qədər özəl sərmayə cəlb olunub. Hər bir icra başçısının işinə, o cümlədən bu göstəriciyə görə qiymət veriləcək. Bir daha deyirəm ki, dekabrın 15-də mənə geniş arayış təqdim edilsin və ondan sonra həm yüksək qiymət veriləcək, həm də cəza tədbirləri görüləcək, deyə, prezident xəbərdarlıq etmişdi.
Məlumata görə, Prezident Administrasiyasından (PA) bu məsələdə məsul PA-nın Regional idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyevdir.
Artıq uzun müddətdir ki, rayonların oliqarxlar-məmurların nəzarətindən çıxarılması və birbaşa mərkəzi icra aparatına tabeçiliyi prosesi gedir ki, bu məsələdə əsas ağırlıq şəxsən Z.Nağdəliyevin üzərindədir. Təsadüfi deyil ki, əvvəllər dövlət başçısını səfərlərində o rayona məsul nazir və deputat gözə dəyirdisə, indi bu cür görüşlərdə Z.Nağdəliyev iştirak edir, əsas təşkilatçılıq da onun məsuliyyətindədir. Sözsüz, bu cür iş prinsipi birbaşa dövlət başçısının tapşırığı ilə gerçəkləşir ki, bu da artıq öz səmərəliliyini göstərməkdədir. Bu baxımdan prezidentin icra başçılarının taleyini həll edəcək arayışı məhz PA və İqtisadiyyat Nazirliyinə həvalə etməsinin səbəbi aydındır.
İkinci tərəfdən, əyalətlərin birbaşa mərkəzi hakimiyyətə tabe edilməsi prezidentə obyektiv informasiya verilməsini də hədəfləyir. Sirr deyil ki, "qubernator rolunu oynayan nazirlər bəzi hallarda öz adamlarını qorumaq üçün dəridən-qabıqdan da çıxırdılar ki, bu proses də artıq əngəllənib.
Qəzet yazır ki, yaxın iki ayda əyalətlərin tam olaraq nazirlərin nəzarətindən çıxarılması prosesi yekunlaşacaq. Vaxtilə mərkəzi hakimiyyətin yükünü azaltmaq üçün tətbiq edilmiş bu idarəçilik artıq köhnəlib, iqtidarın işinə yaramır və hətta inkişaf prosesini əngəlləyir. Üstəlik, əyalətlərdə də geniş səlahiyyətlər almış bəzi məmurlar eyforiyaya girir, özlərini əvəzedilməz və hətta məğlubedilməz hiss edir, özlərinə "balaca padşahlardan "komanda belə yaratmaq niyyətinə düşür. İddialara görə, əyalətlərdə pambıqçılığın, üzümçülüyün, fındıqçılığın və digər kənd təsərrüfatı sahələrinin inkişafına dair xeyli işlər görülsə də, bu sahədə problemlər hələ qalmaqdadır. Bildirilir ki, rayona sərmayə cəlb etmək, yeni iş yerləri açmaq, yerli əhalinin problemlərinə daha həssas və çevik münasibət göstərmək əvəzinə, bəzi rayonlarda yenə ciddi irəliləyiş olmayıb. Bu səbəbdən 10-a yaxın icra başçısının dəyişdiriləcəyi ilə bağlı xəbərlər yayılıb.
Başqa bir mənbə isə iddia edir ki, gözlənilən dəyişikliklər iqtisadi nazirlik və komitələri də əhatə edəcək, ilin sonuna qədər isə bu seferada daha 2 nazir postunu itirəcək.