Bir neçə il əvvəl intihara cəhd edən və dələduzluqda təqsirləndirilən keçmiş polis Fəqan Nəsibovun barəsində olan hökmdən prokuror apellyasiya protesti verib.
Unikal.org Lent.az-a istinadən məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən ilkin baxış iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı dekabrın 21-ə təyin edilib.
Qeyd edək ki, F.Nəsibov daha əvvəllər Binəqədi Rayon Polis İdarəsində kapitan rütbəsi ilə çalışıb. Polis vəzifəsindən ayrılandan sonra o, hüquqşünas kimi fəaliyyətini davam etdirib. F.Nəsibov hüquqi nümayəndəsi olduğu şəxslərdən dələduzluq yolu ilə pul alıb.
Xatırladaq ki, F.Nəsibov 2014-cü ildə də həbs edilib. O, metronun "Koroğlu stansiyasının yaxınlığındakı körpüyə çıxaraq intihar etmək istəyib. Həmin vaxt dələduzluqda ittiham edilən F.Nəsibov ittihamı qəbul etmədiyi üçün bu addımı atdığını deyib. Onun barəsində məhkəmə şərti cəza təyin edib.
F.Nəsibov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə təqsirli bilinib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Nəsibovun barəsində 3 il sınaq müddəti təyin edilməklə, şərti cəza verilib.