Qarşıdan 2018-ci il - Sarı İt ili gəlir. Fevralın 16-da (Bakı vaxtilə 01:05-də) start götürəcək torpaq ünsürlü ilin himayədar planeti Venera olacaq.

Unikal.org xəbər verir ki, sarı it ilinin xarakteristikası haqda Axar.az-a danışan astroloq Səbuhi Rəhimli bildirib ki, İt ilinin mövcud olduğu bütün dövrlərdə qüvvələr nisbəti tarazlaşır, zəif tərəf olmur.

Astroloqun sözlərinə görə, ötən Xoruz ilinə nisbətən bu dövrdə iddialar yalnız söz və debatlarla yekunlaşmayacaq, rəqib qüvvələrin yeni qarşıdurma dövrü başlayacaq və bu, mütləq bir sonluqla tamamlanacaq:

"İt ili həm də dünyada mövcud olan siyasi fikir ayrılıqlarını qaydasına salır, müharibələri dayandırır, insanlarda vəhdət və birlik yaradır, xalqları milli özünüdərkə aparır. Yerin ahəngi əsaslı şəkildə bərpa olunur, böyük və müsbət dəyişikliklərə yol açır. Sakit və müdrik İt çılğın adamları, ağılsız risk edənləri, tənbəlləri sevmir və öz hakimiyyətində onların çoxunu cəzalandırmaqla, sınağa çəkməklə sakitləşdirməyi bacarır. Yeri gəlmişkən, belə illərdə ən böyük uğur incəsənətin, xüsusən də aktyor sənətinin öhdəsinə düşür.

Astroloqun sözlərinə görə, qarşıdakı ildə astronomik tutulmaların sayı 5 olacaq:

"31 yanvar tarixində Tam Ay tutulması, 16 fevral tarixində Qövsvari Günəş tutulması, 13 iyulda Adi Günəş tutulması, 28 iyul tarixində Adi Ay tutulması, 11 avqust tarixində isə Adi Günəş tutulması hadisəsi baş verəcək.

Səbuhi Rəhimli bildirib ki, bundan öncə İt ilində xeyli qəribə olaylar baş verib:

"Müqəddəs Roma İmperiyası yaradılıb, qanlı Çaldıran döyüşü baş verib, Osmanlılar Təbrizi işğal edib, Azərbaycanın şimal torpaqlarına yürüş edən general V.Zubovun komandanlığı altındakı rus qoşunları Bakını ələ keçirib, İranda türk mənşəli Qacarlar sülaləsi hakimiyyətə gəlib, Azərbaycan səhnəsində Üzeyir Hacıbəylinin "Ər və arvad adlı ilk musiqili komediyası tamaşaya qoyulub, SSRİ qurulub, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı yaradılıb. Bundan başqa, Adolf Hitler Almaniyada prezident hakimiyyətini mənimsəyib, BMT-də Fələstin və İsrail dövlətlərinin yaradılması barədə qərar çıxarılıb, Təbriz Universiteti açılıb, "Luna-16 kosmik gəmisi Aydan torpaq gətirib, yaponlar ilk elektron kalkulyator hazırlayıb, Bakı metrosunda iki dəfə terror olub, Qarabağda atəşkəs elan olunub, "Əsrin müqaviləsi bağlanıb, Moskvanın "Bauman bazarının uçması nəticəsində 40-dan artıq soydaşımız həlak olub.