Bakının Qaradağ rayonu ərazisində fəaliyyət göstərən yüzlərlə daş karxanalarının elektrik təchizatı müxtəlif dövrlərdə "Elektrik Qurğularının Quraşdırılması Qaydalarının tələblərinə riayət edilmədən quraşdırılıb və "Elektrik qurğularının istismar qaydaları"nın "Texniki təhlükəsizlik qaydaları"nın tələbləri gözlənilmədən istismar edilməkdədir.
"Azərişıq" ASC-dən unikal.org-a verilən məlumata görə, bununla yanaşı həmin daş karxananın qidalandırıldığı enerji mənbələrindən 6 kV-luq gərginliyə görə normativlə buraxıla bilən məsafədən uzaq olduğu üçün xəttin sonunda gərginlik düşküsü yaranır, bununla da enerji təchizatı müəssisəsinin ("Azərişıq" ASC) qidalandırıcı şəbəkəsində qəza açılmalarının baş verməsi və itkilərin səviyyəsinin artması kimi problemlərin yaranmasına səbəb olur. Bu daş karxanalarının sahiblərinə zaman-zaman xəbərdarlıqlar edilməsinə baxmayaraq, şəbəkələrinin normal vəziyyətə gətirilməsi üçün heç bir texniki tədbirlər görülməyib.
Bu problemlərin aradan qaldırılması məqsədi ilə və həmçinin "Azərişıq" ASC enerji istehlakçılarının keyfiyyətli, fasiləsiz elektrik təchizatının təmin edilməsini ön planda saxlamasını əsas götürərik, digər istehlakçılarda olduğu kimi daş karxanalarının da elektrik təchizatının yaxşılaşdırılması qərarına gəlib.
Bu zərurətdən, Qaradağ rayonu ərazisində yerləşən yüzlərlə daş karxanalarının 51 ədədinin elektrik təchizatında yaranan gərginlik düşküsünün qarşısının alınması, həmçinin fasiləsiz elektrik təchizatının təmin edilməsi məqsədi ilə "Azərişıq ASC daş karxanalarından normativ məsafədə yeni 35 kV-luq yarımstansiyanın tikilib quraşdırılmasını həyata keçirir. Hazırda işlər başa çatdırılıb, yarımstansiyanın qidalandırılması üçün "Azərişıq ASC-nə məxsus 35/6 kV-luq 504 saylı yarımstansiyadan 16 km uzunluqda 35 kV-luq elektrik hava xətti çəkilib quraşdırılıb.
Yeni yarımstansiyaya qoşulacaq daş karxanaların daxili elektrik təchizatının mövcud texniki qaydaların tələblərinə uyğun vəziyyətə gətirilməsi məqsədi ilə mütəxəssislərimiz tərəfindən yoxlamalar aparılmış, aşkar edilmiş qüsurları əks etdirən, xəbərdarlıqlar və daş karxanalarının elektrik şəbəkələrinin fotoşəkilləri tərtib edilərək daş karxanaların sahiblərinə məktubla birlikdə təqdim edilib. Məktubda karyerlərin elektrik təchizatının yaxşılaşdırılması məqsədi ilə "Azərişıq ASC tərəfindən görülmüş işlər və daxili şəbəkələrin texniki vəziyyətinin texniki normaların tələblərinə uyğun vəziyyətə gətirilməsi üçün təkliflər və yeni tikiləcək 35 kV-luq yarımstansiyaya qoşulmaları üçün texniki şərt alınması məqsədi ilə Asan Kommunal Xidmətinə müraciət edilməsinin vacibliyi göstərilib.
Abşeron rayonu ərazisində yerləşən və elektrik şəbəkələrində ciddi problemlər olan 9 ədəd daş karxanalarının elektrik təchizatının yaxşılaşdırılması məqsədi ilə yeni tikilib quraşdırılmış 110/35/10 kV-luq "Qobu yarımstansiyasından daş karxanaların yerləşdiyi "Yuxarı Güzdək qəsəbəsinə yeni elektrik hava xətti çəkilib və xətdən qoşulmaqla yeni 10 kV-luq müasir avadanlıqlarla təchiz edilmiş paylayıcı qurğu tikilib quraşdırılıb. Ərazidə yerləşən 9 ədəd daş karxanasının elektrik təchizatında yoxlamalar aparılıb, qüsurlarla bağlı xəbərdarlıqlar və fotoşəkillər daş karxanaların sahiblərinə təqdim edilib və onların da yeni paylayıcı qurğuya qoşulmaları üçün texniki şərtə görə Asan Kommunal Xidmətinə müraciət etmələri tövsiyə edilib.