Bir sıra kütləvi informasiya vasitələrində ölkə ərazisinə "Oksiam-B" adlı saxta dərman preparatlarının idxal edilməsi ilə bağlı məlumatlar yayılıb. Məlumatda dərman preparatının Türkiyə Respublikasında "Univerce Pharma İlaç San. ve Tic. Ltd Şti." şirkəti tərəfindən istehsal edildiyi və "Dihac" MMC tərəfindən idxal olunduğu bildirilir.
Gömrük Komitəsindən Unikal.org-a verilən məlumata görə, yayılan məlumatla əlaqədar Dövlət Gömrük Komitəsinin müvafiq qurumları tərəfindən aparılan araşdırma zamanı məlum olub ki, xarici iqtisadi fəaliyyət iştirakçısı olan "Dihac" MMC tərəfindən Azərbaycan Respublikası ərazisinə idxal olunan, Səhiyyə Nazirliyinin müvafiq sertifikatları ilə təmin edilən dərmanların siyahısında "Oksiam-B" adlı dərman preparatı yoxdur.
"Oksiam-B" dərman preparatı ölkə ərazisinə "Norma Med"MMC şirkəti tərəfindən idxal edilib və Səhiyyə Nazirliyinin müvafiq sertifikatı ilə təmin olunub.
Aparılan araşdırmalar zamanı o da məlum oldu ki, "Oksiam-B" adlı dərman preparatının "Dihac" MMC tərəfindən idxal edilməsi iddiasına etiraz olaraq şirkət rəhbərliyi məsələyə aydınlıq gətirilməsi üçün rəsmi qaydada aidiyyatı orqanlara müraciət edəcək.