Akademik Həsən Əliyevin 110 illik yubileyi ilə əlaqədar ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov və Ekologiya və Təbii Sərvətlər Nazirliyin əməkdaşları Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

ETSN-in mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, Fəxri xiyabanda akademik Zərifə Əliyevanın, görkəmli alim, Azərbaycanın əməkdar elm xadimi Həsən Əliyevin xatirəsi yad edilib.

Daha sonra ETSN-in inzibati binasında akademik Həsən Əliyevin 110 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan nazir Hüseyn Bağırov bütün həyatını Azərbaycan təbiətinin tədqiqinə, mühafizəsinə həsr etmiş və bu misilsiz sərvətin gələcək nəsillər üçün qorunub saxlanılmasının tərənnümçüsü olmuş dünya şöhrətli alimin ekologiya elminə verdiyi müstəsna xidmətlərindən danışıb.

AMEA-nın akademik Həsən Əliyevin adına Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov və digər elm xadimləri görkəmli alim barədə xatirələrini bölüşdükdən sonra tədbir iştirakçılarına akademikin həyat yoluna dair film nümayiş olunub.

Sonda ətraf mühitin, təbii sərvətlərin, biomüxtəlifliyin mühafizəsi və qorunub saxlanılması sahələrində çalışan 5 nəfərin əməyinin qiymətləndirilməsi məqsədilə ETSN tərəfindən təsis olunmuş "Ekologiya və ətraf mühitin mühafizəsi sahələrində əldə etdikləri nailiyyətlərə görə akademik Həsən Əliyev adına mükafatla təltif ediliblər.


Xatırladaq ki, "Akademik Həsən Əliyevin 110 illik yubileyinin keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 07 fevral 2017-ci il tarixli Sərəncamının 1-ci hissəsinin icrasını təmin etmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Tədbirlər Planı"na əsasən bir sıra tədbirlər keçirilib.