Amerika alimləri beyinin fəaliyyətini yaxşılaşdıran üsullarını araşdırdıqda belə nəticəyə gəliblər ki, aclıq beyinin ali funksiyalarını (təfəkkür, yaddaş və s.) yaxşılaşdırır.
Unikal.org bildirir ki, araşdırma siçanlar üzərində aparılıb. Bir gündən bir qidalanan siçanların beyin hüceyrələri hər gün qidalanan siçanlarla müqayisədə daha tez inkişaf edirdi. Bu nəticələr insanlar üçün də aktualdır.
Alimlərin fikrinə görə, bunun səbəbi aclıq zamanı beyində müəyyən zülalın miqdarının artmasıdır. Bu zülal insanda öyrənmə qabiliyyətinə və yaddaşa təsir edir, beyinin hüceyrələri olan neyronlar və onların arasında əlaqə yaradan sinapsların çoxalmasını stimullaşdırır. İnsan yaşlaşdıqca bu vacib zülalın səviyyəsi azalır ki, bu da ağıl zəifliyi, Alsheymer xəstəliyinin inkişafına gətirib çıxardır.
Beləlikə, beyinin fəaliyyətini yaxşılaşdırmaq istəyirsinizsə, vaxtaşırı olaraq ac qalın.
Bir çox araşdırmalar göstərir ki, qısamüddətli aclıq (məsələn, həftədə 1 dəfə 1 gün) həmçinin bir çox digər orqan və sistemlərə də müsbət təsir edir - immuniteti möhkəmləndirir, xərçəng və ürək-damar sistemi xəstəliklərinin riskini azaldır, piylənmənin qarşısını alır.
Nəzərə almaq lazımdır ki, bəzi xəstəliklər zamanı (məsələn, şəkərli diabet, bəzi həzm sistemi xəstəlikləri və s.) ac qalmaq olmaz.