Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Tərtər rayonu, Qapanlı kəndi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.
Unikal.org ANAMA-ya istinadən xəbər verir ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri tərəfindən ərazidə 1 həyətyanı sahəyə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əlqumbarası aşkar edilib, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Aşkar olunmuş qumbaranın ətrafında 200 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.
Ümumilikdə agentlik tərəfindən 1 yanvar - 16 dekabr 2017-ci il tarixlərində ayrı-ayrı rayonlarda müxtəlif ərazilərə baxış keçirilib, 7539 ədəd partlamamış hərbi sursat, 204 ədəd tank əleyhinə mina və 35 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 5679 138 kv.m ərazi yoxlanılıb.