Ötən gün daxili işlər orqanları əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri uğurlu əməliyyat tədbiri nəticəsində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
DİN-in Mətbuat Xidmətindən unikal.org-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Qazax rayonu ərazisində narkotik vasitələrin alqı-satqısında və istifadəsində şübhəli bilinən şəxs saxlanılıb.
Polis Şöbəsində aparılan araşdırmalarla onun Ağstafa şəhər sakini, əvvəllər məhkum olunmuş Şahmar Həmzəyev olması məlum olub. Baxış zamanı onun üzərindən 5 bükümdə narkotik vasitə olan marixuana aşkar edilərək göütürülüb.
Polis əməkdaşları tərəfindən həmin şəxsin narkotik vasitəni Ağstafa rayonunda aldğı mənbə də müəyyən edilib. Ağstafa RPŞ-nin əməkdaşları ilə birgə keçirilən təxirəsalınmaz tədbirlərlə narkotik vasitələrin alqı-satqısında şübhəli bilinən Qazax rayon sakini Nurəddin Quliyev rayon ərazisində saxlanılıb. Onun yaşadığı evə və həyətində olan "QAZ-31 markalı avtomobilə baxış keçirilib və bu zaman pəncərədə bükümdə və avtomobilin yük yerində torbada gizlətdiyi narkotik vasitə aşkar olunaraq götürülüb.
Ekspertiza təqdim olunan narkotik vasitələrin - Ş.Həmzəyevin üzərindən götürülmüş 7,577 qram, Nurəddin Quliyevin evindən və avtomobilindən götürülmüş 8 kiloqram 754 qram marixuana olması barədə rəy verib.
Faktla bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin istintaq şöbəsində cinayət işi başlanılıb.