Bakı metropoliteninin "Sahil" stansiyasının avqust ayının 21-də başlanmış yenidənqurulması işləri əvvəlcədən təsdiqlənmiş tədbirlər planına uyğun sürətlə davam etdirilir.

Metropolitenin mətbuat xidmətindən unikal.org-a bildirilib ki, yaxın günlərdə yeni tipli eskalatorların quraşdırılmasına başlanılacaq.

Stansiyanın yenidənqurma işlərinə məsul şəxslər təyin edilmiş - tikinti departamentinin rəis müavini Rauf İsmayılov və tunel qurğuları xidmətinin rəis müavini Natiq Mustafayev qeyd edirlər ki, köhnə tipli eskalatorlar söküldükdən sonra yeni avadanlığın quraşdırılacağı sahə müvafiq tələblərə uyğunlaşdırılıb. Quraşdırmaya hazırlığın ən ağır işləri çərçivəsində köhnə avadanlığın irihəcmli dəmir-beton özülünün, eskalatoraltı pillələrin və digər konstruksiyaların sökülərək daşınması, maşın zalının yeni quraşdırılacaq avadanlıqlara uyğunlaşdırılması tədbirləri başa çatdırılıb.

Stansiyanın orta zalında tağtavanın konstruksiya elementləri sökülüb, korroziya əleyhinə tədbirlər görülərək, yeni örtüyün quraşdırılmasına hazırlıq başlanıb. Orta zalda kip qapıların təmiri başa çatdırılıb. Zalın sonunda yerləşən istismara yararsız hala düşmüş yardımçı otaqlar və sanitar qovşaqlar sökülərək yenidən inşa olunur.