"Bu gün Bakı Dəmir Yolu Vağzalında bomba həyəcanına görə, yalnız Bakı-Sumqayıt qatar reyslərində gecikmə yaranıb. Hazırda Bakı-Sumqayıt qatarında hərəkət qrafikə uyğun bərpa edilib".

Bu sözləri Unikal.org-a "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova bildirib.

Qurum rəsmisi əlavə edib ki, hadisə bölgələrə və xaricə gedən qatarlara təsir göstərməyib. Bakıdan bölgələrə və xaricə gediş axşamlar olduğu üçün qatarların hərəkət qrafikində heç bir dəyişiklik yoxdur. Sadəcə Bakı-Sumqayıt qatar reyslərində 1-2 gecikmə oldu və bu da bir neçə saat bundan əvvəl öz həllini tapıb.

Sevinc Qədirova hər gün işdən sonra Bakı-Sumqayıt qatar reysləri ilə hərəkət edən sərnişinlərə də müraciət edib: 

"Hazırda qatarların hərəkətində heç bir problem yoxdur. Qatarlar qrafik üzrə hərəkət edir. Hər gün olduğu kimi, bu gün də eyni vaxtda Bakıdan Sumqayıta və yaxud əks istiqamətdə hərəkət edə bilərlər. Narahatçılığa isə heç bir əsas yoxdur.

Amid Əyyuboğlu