İsrailin baş naziri Benyamin Netanyahu BMT-nin İsraillə bağlı siyasətini kəskin tənqid edib.

Unikal.org-un "The Jerusalem Posta istinadən verdiyi xəbərə görə, B. Netanyahu BMT-ni yalançılar evi adlandırıb.

Onun sözlərinə görə, BMT tanısa da, tanımasa da, Qüds İsrailin paytaxtıdır: "ABŞ-ın Yerusəlimi bizim paytaxtımız kimi tanıması üçün 70 il lazım oldu, indi də BMT-nin eyni qərar verməsi üçün bir neçə il lazımdır. Müxtəlif qitələrdə İsrailə olan münasibət sürətlə dəyişir və bu, BMT-yə təsir edə bilməz, lakin vaxt lazımdır.

O, ABŞ-dan sonra digər ölkələrin də səfirliklərini Yerusəlimə köçürməklə bağlı qərar qəbul edəcəyə dair ümidvar olduğunu ifadə edib.

Qeyd edək ki, bu gün BMT-nin Baş Assambleyasının təcili iclasında ABŞ-ın Qüdsü İsrailin paytaxtı qismində tanınması ilə bağlı qərarı müzakirə ediləcək. ABŞ-ın qərarına dair səsvermə keçiriləcək. Qərarı pisləyən qətnamənin qəbulu gözlənilir.

İclas İslam Əməkdaşlıq Təşkilatı adından çıxış edən Türkiyə və Yəmənin təşəbbüsü ilə çağırılıb.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp dekabrın 6-da Qüdsün İsrailin paytaxtı kimi tanınması barədə bəyanatla çıxış edib. Ağ evin başçısı, həmçinin ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi üçün Dövlət Departamentinə göstəriş verib. Bu addım bir çox dünya liderləri və beynəlxalq təşkilatlar tərəfindən etirazla qarşılanıb.