Rusiyanın xarici işlər naziri Sergey Lavrovla britaniyalı həmkarı Boris Conson arasında mübahisə yaranıb.

Unikal.org apa-ya istinadən verdiyi məlumata görə, mübahisə bu gün Moskvada XİN başçılarının görüşünün yekunlarına dair keçirilən mətbuat konfransında baş verib.

Belə ki, S. Lavrov çıxışında B. Consonun Rusiyanın Britaniyada keçirilən referenduma (Brexit) Moskvanın müdaxiləsi ilə bağlı əllərində heç bir sübut olmadıqlarını dediyini bildirib. B. Conson isə həmkarına etiraz edərək belə fikir işlətmədiyini söyləyib: "Mən demişəm ki, Rusiyanın "Brexit"ə uğurlu müdaxiləsi ilə bağlı sübut yoxdur. Bu, o demək deyil ki, Rusiya müdaxilə etməyib. Müdaxilə edib, lakin uğurlu olmayıb. Rusiyanın Almaniya, İtaliya, Fransa və ABŞ-da keçirilən seçkilərə müdaxilə etməsina dair çoxlu faktlar var".

S. Lavrov cavabında "müdaxilə etmişiksə, dəlil-sübut olmalıdır", - deyə bildirib. Britaniyalı nazir isə rusiyalı həmkarını referenduma müdaxilə cəhdlərini etiraf etməyə çağırıb: "Sergey, mən sizin reputasiyanızla bağlı narahatam. Fikrimcə, bu çox vacibdir ki, siz bizim seçkilərə və referenduma müdaxilə cəhdlərini etiraf edəsiniz. Necə olursa olsun, bu müdaxilə uğursuz nəticələnib. Əmin olun ki, bu, çox vacibdir. Mənə elə gəlir ki, müdaxilə cəhdləri uğurlu olsaydı, hər şey başqa cür ola bilərdi".

Lavrov Consonun bu replikasına belə cavab verib: "Həmişəki kimi, faktları görmək istəyərdik. Faktlarsız danışmaq çox çətindir".

B. Conson isə "yaxşı, yaxşı" deyə yaranan söz duelinə son qoyub.