Hər il olduğu kimi, bu il də Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ərəfəsində - dekabrın 21-də və 22-də daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyevin başçılığı ilə Nazirliyin nümayəndələri Sabirabadın Yeni Şəhriyar və Goranboyun Aşağı Ağcakənd qəsəbələrində müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkünlərlə görüşüblər.
DİN-in mətbuat xidmətinidən Unikal.org-a verlən məlumata görə, nazir müavini qarşıdan gələn əlamətdar bayram münasibətilə respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun təbriklərini və xoş arzularını doğma yurd yerlərindən didərgin düşmüş həmvətənlərimizə çatdıraraq bu kateqoriyadan olan soydaşlarımızla sıx təmasların qurulmasının, onların qayğı və problemlərinə hər zaman diqqətlə yanaşılmasının əsasının hələ ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu xatırladıb.
Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov və Xocalı Rayon İcra Hakimiyyəti başçısının müavini Vahid Əliyev qaçqın və məcburi köçkünlərə göstərilən dövlət qayğısından söz açıb, bu yöndə adı çəkilən rayonlarda məskunlaşmış həmvətənlərimizin ehtiyaclarının ödənilməsinə və problemlərinin həllinə hər zaman xüsusi diqqət və həssaslıqla yanaşdığına görə dövlətimizin başçısına və Nazirliyin rəhbərliyinə təşəkkür ediblər.
Qaçqın və məcburi köçkünlər adından çıxış edənlər möhtərəm Prezidentimizin apardığı siyasət nəticəsində doğma torpaqlarına qayıdacaqlarına əminliklərini bildirərək, göstərilən daimi diqqət və qayğıya görə ölkə və DİN rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Respublikanın daxili işlər orqanları əməkdaşlarının könüllülük prinsipi əsasında topladıqları 68 min manatlıq vəsait Sabirabadın Yeni Şəhriyar və Goranboyun Aşağı Ağcakənd qəsəbələrində məskunlaşmış soydaşlarımıza təqdim olunub.