Mexaniki qaz sayğacı ilə təmin olunan abonentlərin 20 faizi ayrılmış illik limiti keçib.

"Azəriqaz İstehsalat Birliyindən Unikal.org-a bildirilib ki, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2016-cı il 22 dekabr tarixli, 19 nömrəli qərarına uyğun olaraq 2017-ci ilin yanvar ayının 1-dən etibarən əhali qrupu üzrə istehlak olunan təbii qazın illik həcminin 1700 kubmetr olan hissəsinin dəyəri 10 qəpiklə, 1700 kubmetrdən artıq istifadə olunan hər kubmetr qazın dəyəri isə 20 qəpiklə hesablanır. 2017-ci il üçün təyin olunmuş limit dekabr ayının sonunda sıfırlanacaq.

2017-ci ildə olduğu kimi, 2018-ci ilin yanvar ayının 1-dən etibarən əhali istehlakçılarının illik istehlak həcmi 1700 kubmetr (170 AZN) 10 qəpik tarifi ilə, illik istehlak həcminin 1700 kubmetrdən (170 AZN) artıq olan hissəsinin hər kubmetri isə 20 qəpik tarifi ilə hesablanacaq. Həmçinin Smart ITRON məişət qaz sayğaclarından istifadə edən əhali istehlakçıları üzrə 1700 kubmetr limit 2018-ci il yanvarın 1-dən başlayaraq smartkarta aparılan ilk ödəniş əməliyyatından etibarən hesablanacaq.

Cari il ərzində abonentlərin istehlak etdikləri təbii qazın monitorinqi aparılıb və məlum olub ki, mexaniki qaz sayğacı ilə təmin olunan abonentlərin 20 faizi ayrılmış illik limiti keçib.

"Azəriqaz İstehsalat Birliyi istifadə olunmuş təbii qazın uçotunun aparılması və istehlakçıların məlumatlandırılması məqsədilə bildirir ki, dekabr ayının sonundan etibarən 2017-ci il üçün nəzərdə tutulmuş limit başa çatdırılacaq və növbəti il üçün limitin hesablanmasına start veriləcək. Hesabatların vaxtında aparılması məqsədilə, sayğacların göstəricilərinin tam oxunması və bildirişlərin paylanması üçün "Azəriqaz İB-nin əməkdaşlarına şərait yaradılması istehlakçılardan xahiş olunur.