Azərbaycan ordusunun zabiti, ölkə başçısı İlham Əliyev tərəfindən "Vətən uğurunda igidliyə görə və "Fədai" medalları ilə mükafatlandırılan Qarabağ əlili Canpolad Həsənov ailə üzvləri ilə birlikdə yaşadığı evdən çıxarılıb.
Unikal.org xəbər verir ki, bu barədə BakuPost.az-a C. Həsənov özü məlumat verib. Bildirib ki, 12 ildir, yaşadığı evdən məhkəmə hakimlərinin ədalətsiz qərarı üzündən bayıra atılıb: "2000-ci ildə ABŞ-la Azərbaycan Respublikası arasında torpaq alqı-satqısına dair müqavilə imzalanıb. Müqavilə ilə həmin ərazidə yaşayan insanlar başqa evlərə köçürülməliydi. 5 il ərzində məhkəmələr olub və 2005-ci ildə Ali Məhkəmənin sədri Ramiz Rzayev köçürülmə haqqında yekun qərar verib. Qərarla bizim ailəmiz Nəsimi rayon Süleyman Rüstəm 10, mənzil 14/16-ya köçürülüb. 12 ildən sonra isə Nəsimi rayon Məhkəməsinin hakimi Şahin Abdullayev bizim həmin evdən çıxarılmağımızla bağlı qərar verdi. Bu qərardan Apellyasiya şikayəti verdik. Hakim İlham Əsədov birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxladı. İndi isə 6 nəfər ailə üzvümlə birlikdə bizi küçələrə atıblar.
C. Həsənovun sözlərinə görə, növbəti məhkəmə prosesi dekabrın 25-də Ali Məhkəmədə Əsgərov Qürbətin hakimliyi ilə keçiriləcək. Qarabağ əlili bu məsələnin diqqətdə saxlanılması, ədalətsiz qərarın qüvvədən düşməsi üçün Ali Məhkəmənin sədri Ramiz Rzayevə müraciət ünvanlayıb: "Ramiz müəllimdən xahiş edirik ki, bu məsələni diqqətdə saxlasın. Yerli məhkəmələr onun 12 il əvvəl verdiyi qərarı ədalətsiz şəkildə ləğv edib, ailəmizi çölə atıblar. Bu məhkəmənin Qarabağ əlili ailəsinin xeyrinə həll edilməsi və ədalətin bərpa edilməsi üçün Ramiz müəllimdən işə şəxsən nəzarət etməsini xahiş edirəm.