"Dünən axşam saat altı radələrində qızımla toya getməyə hazırlaşırdım. Qapı döyüldü, Rafiq adlı qonşu çox sərt şəkildə dedi ki, düş, maşını götür, mənim yerimdə saxlamısan. Bildirdim ki, toya gedirəm, indi düşürəm. Mən aşağı düşən kimi maşına cumdu. Uşaq oturan tərəfdən qapını açıb məni təhqir etməyə başladı".
Unikal.org xəbər verir ki, bu fikirləri "Ölkə.Az"-a açıqlamasında ötən gün qonşusuyla bağlı Xətai RPİ-nin 36-cı polis bölməsinə şikayət ərizəsi ilə müraciət edən aparıcı-aktrisa Könül Yusifqızı hadisənin təfərrüatını danışarkən səsləndirib. O, bildirib ki, maşın saxlamaq üstündə yaranan mübahisə davaya çevrilib və 40-45 yaşlarında olan Rafiq adlı qonşusu onu vurub:
"Deyir, bilirsən sənin başına nə oyun açaram? Bütün bunları səkkiz yaşlı qızımın yanında deyir. Aşağı düşüb dedim ki, yekə kişisən, bu nə danışıqdır? Axı harda yazılıb ki, bura sənin yerindir. Bildirdi ki, səni videoya çəkərəm. Mən indiyə qədər elə küçə söyüşləri eşitməmişəm. Qonşular araya girdilər. Amma buna qədər o məni vurdu və gödəkçəmi cırdı. Əlimdə məhkəmə tibbi ekspertizasından kağızım var. Kəllə beyin travması almışam. Gecə də üstümə təcili tibbi yardım gəldi. Uşaq da çox pis qorxub".
K.Yusifqızı qeyd edib ki, sözügedən şəxs də onun barəsində polisə ərizəylə müraciət edib:
"Şəxsi tanışlığım olmayan adamdır. Bilirəm ki, üst mərtəbədə yaşayır və tez-tez evdə davaları olur. Ancaq harda işlədiyini bilmirəm. Xətai RPİ-nin 36-cı polis bölməsində ərizə yazmışam. Amma bildiyimə görə, həmin şəxs saxlanılmayıb. Deyəsən o da ərizə yazıb. Mən polis bölməsindəydim, o qapıdan içəri girəndə yüksək vəzifəli şəxsin adını çəkdi. Polislərə dedi ki, filankəsdən sizə salamlar var. Mən indi onun vəzifəsini araşdırıram. Mənim atam, ərim yoxdur. Ancaq bu o demək deyil ki, kimsə belə etməlidir? Bütün mediadan xahiş edirəm ki, bu məsələni ictimailəşdirsinlər. Çünki o efirdə olanların hamısın ıtəhqir edirdi. Deyirdi ki, efirə çıxırsız, filansız, evə gec gəlirsən. Başım çıxmır, bu adam gecə məni güdür?".
Qeyd edək ki, faktla bağlı təhqiqat araşdırmalarına başlanılıb.