"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti (QSC) metro stansiyalarında sərnişinlərə növbəti dəfə bayram əhvalı yaşadıb.
Unikal.org-un məlumatına görə, bu gündən etibarən metro stansiyalarında 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbirlərə start verilib. Şaxta baba və Qar qız metronun kiçik sərnişinlərinə - uşaqlara müxtəlif hədiyyələr, oyuncaqlar hədiyyə edib.
Tədbirə "İçərişəhər" metrostansiyasından start verilib. Şaxta baba və Qar qız bu stansiyaya "Bakmil"dən retro qatarla gəliblər. Şaxta baba və Qar qız obrazlarında "Bakı Mertopoliteni" QSC-nin rəhbər işçiləri - qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev və marketinq şöbəsinin rəisi Lalə Babayevadır.
Şaxta baba və Qar qız bütün metro stansiyalarını gəzərək balaca sərnişinlərə hədiyyələr paylayıb.
Qeyd edək ki, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə "Bakı Metropoliteni QSC ənənəsinə sadiq qalaraq, ilin son sosial layihələrini gerçəkləşdirib.
Yeni ilin gəlişi ilə bağlı artıq "Elmlər Akademiyası, "28 May, "Koroğlu, "İçərişəhər, həmçinin Bənövşəyi xəttin "Memar Əcəmi stansiyalarının vestibüllərində Yeni ilin rəmzi olan bəzədilmiş işıqlı şam ağacları quraşdırılıb və monitorlarda bayram təbrikləri yerləşdirilib. Bu dəfə də stansiyalarda artıq ənənə halını alan musiqili proqram təşkil olunub. Dekabrın 30, 31-i və yanvarın 1, 2-si sərnişin axını daha çox olan bir neçə stansiyanın vestibülündə konsert proqramı təqdim olunacaq.
Trend-ə istinadən fotoları təqdim edirik: