Ölkə səhiyyəsində həm savadlı kadrların yetişməsi, həm də bugünkü həkimlərin müasir səviyyədə işləməsi üçün yaxın gələcəkdə həkimlərin sertifikasiyasının prinsipləri dəyişdiriləcək.
Unikal.org apa-ya istinadən xəbərinə görə, bunu səhiyyə naziri Oqtay Şirəliyev 2017-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclasında deyib. O bildirib ki, hazırda zamanın tələblərinə uyğun olaraq sertifikasiyanın yeni qaydaları hazırlanır: "Bu qaydalara əsasən sertifikasiya tək kompüter imtahanı ilə məhdudlaşmayacaq və tibb işçisinin savadını, praktik fəaliyyət qabiliyyətini dəyərləndirməyə imkan verəcək.
O. Şirəliyev ölkənin səhiyyə sahəsində əldə olunan nailiyyətlərlə yanaşı, problemlərin də mövcud olduğunu, bu gün bütün diqqətin onların həllinə yönəldilməsinin vacibliyini vurğulayıb. Nazir səhiyyədə mövcud problemlərin kökündən həll edilməsində müasir elmi yanaşmanın, elmi tədqiqat institutlarının müasir tələblərə uyğun fəaliyyət göstərməsinin önəmini vurğulayıb: "Təəssüflə qeyd edim ki, bəzən təbabət elmimiz zamanla ayaqlaşmayan, sovet dövründən qalma mövzuları tədqiq edir. Azərbaycan Milli Elmlər Akademiyası ilə razılıq əldə olunub, tibb elminin ölkə üçün aktual istiqamətlərini müəyyənləşdirmək məqsədilə akademiyanın institutlarının, Səhiyyə Nazirliyinin elmi tədqiqat institutlarının, Tibb Universitetinin, Həkimləri Təkmilləşdirmə İnstitutunun iştirakı ilə geniş toplantı keçirilməsi planlaşdırılır.
Çıxışının sonunda nazir O.Şirəliyev tibb işçilərinə 2018-ci ildə də öz peşələrinə həvəslə, sevgi ilə yanaşmağı tövsiyə edib.