Yeni ilin ilk günlərində paytaxtın müxtəlif məkanlarında bomba qoyulması barədə DİN-in "102 Xidmətinə və ərazi polis orqanına iki məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən Unikal.org-a daxil olan məlumatda bildirilir ki, həmin günlərdə gücləndirilmiş iş rejimində xidmət aparan daxili işlər orqanları əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bilərəkdən yalan məlumatlar verən şəxslər "isti izlərlə müəyyən edilərək məsuliyyətə cəlb olunub. Belə ki, yanvarın 2-də saat 21.40 radələrində naməlum şəxs Səbail rayonu ərazisindəki mehmanxanalardan birinə bomba qoyulması barədə məlumat verib. Digər hüquq-mühafizə orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirilib, lakin məlumat təsdiqini tapmayıb. Bakı Şəhər Baş Polis İdarəsi və Səbail Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə bomba qoyulması barədə yalan məlumat verməkdə şübhəli bilinən Bakı şəhər sakini, 24 yaşlı Elmar Qasımov müəyyən edilərək saxlanılıb.
Yanvarın 3-də isə saat 16.28-də DİN-in «102» Xidmətinə zəng edən naməlum şəxs paytaxtın Nizami rayonu ərazisində yerləşən anbarda bomba olması barədə xəbər verib. Dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılmış, anbara baxış keçirilib, bu dəfə də məlumatın yalan olduğu məlum olub. Görülmüş tədbirlərlə yalan xəbərin 61 yaşlı Bakı şəhər sakini Həsən İsmayılov tərəfindən verildiyi dəqiqləşdirilib. H.İsmayılov Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən saxlanılıb.
Hər iki fakt üzrə Cinayət Məcəlləsinin 216-cı maddəsi (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) ilə cinayət işləri başlanılıb, məhkəmələr tərəfindən saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işləri üzrə istintaq və əməliyyat tədbirləri davam etdirilir.
DİN xəbərdarlıq edib ki, insanlar arasında təşvişə və ajiotaja səbəb olan belə əməllər cinayət məsuliyyəti yaradır və hüquq-mühafizə orqanlarına bilərəkdən yalan məlumatlar verən şəxslər barəsində bundan sonra da qanunvericilikdə nəzərdə tutulmuş qaydada ən ciddi tədbirlər görüləcək.