Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, siyasi elmlər doktoru, professor Hicran Hüseynova qəza nəticəsində dünyasın dəyişən xanım icra başçısı olmuş Dilruba Camalova haqqında məqalə yazıb.
Unikal.org azərbaycan qəzetinə istinadən həmin məqaləni oxuculara təqdim edir:
"Zəngin mədəni irsə malik olan Azərbaycan xalqı qadının ailədə və cəmiyyətdəki roluna daim böyük ehtiramla yanaşmışdır. Yaşadığı tarixi dövrdən, onun sosial-iqtisadi vəziyyətindən, coğrafi məkandan, irqindən, dilindən, dinindən asılı olmayaraq qadın bəşəriyyətin inkişafının bütün mərhələlərində özünəməxsus aparıcı qüvvə olmuşdur. Azərbaycan qadını çətin, lakin şərəfli inkişaf yolu keçmişdir. Tarixə nəzər salsaq, görərik ki, cəmiyyətin inkişafının bütün mərhələlərində qadınlar kişilərlə bərabər dövlət quruculuğunda, siyasi qərarların verilməsində fəal iştirak etmişlər.
Ümummilli lider Heydər Əliyevin sözləri ilə desək: "Zahiri gözəlliyi ilə daxili aləminin paklığının vəhdət təşkil etdiyi, öz səbri, təmkini ilə səciyyələnən Azərbaycan qadını dəyanət və sədaqət rəmzinə çevrilmişdir. Onun şəninə dastanlar qoşulmuş, ona dahilər və qəhrəmanlar anası deyilmişdir. Tariximizin keşməkeşli səhifələrinə Azərbaycan qadını qayğıkeş ana, fitri istedada malik şair, möhkəm iradəli hökmdar, dərin zəkalı mütəfəkkir kimi öz adını həkk etdirmişdir.
Bəli, qadın böyük qüvvədir. Müstəqilliyimizin bərpasından sonrakı illərdə də biz bunun dəfələrlə şahidi olmuşuq. İstər milli azadlıq hərəkatında, Qarabağ döyüşlərində, istərsə də dövlət quruculuğunda aktiv iştirak edən nümunəvi qadınlarımız olub, indi də var. Kimdir müasir Azərbaycan qadını? O, bu gün ana olmaqla yanaşı, həm də bacarıqlı siyasətçi, iş adamı, müəllim, həkim, aqronom, diplomat, hakim, alim, dövlət məmurudur. Cəmiyyətimizin tərəqqisində və inkişafında qadınların rolu misilsizdir. Zaman-zaman davranışı, əxlaqı, mədəniyyəti, ictimai həyatda mövqeyi, fəaliyyəti, qətiyyəti, məğrurluğu və bir də zərifliyi ilə seçilən, tanınan ziyalı qadınlarımız saysız- hesabsızdır.
Onlardan biri Dilruba Camalova idi. Dilruba Camalovanı keçmiş sovetlər birliyində də tanıyanlar çox idi, şəxsiyyətinə böyük rəğbətlə yanaşılırdı. Lənkəran şəhər 2 saylı orta məktəbində fizika-riyaziyyat müəllimi kimi əmək fəaliyyətinə başlayan D.Camalova sonralar müxtəlif vəzifələrdə də çalışmışdı. Lənkəran Şəhər Maarif Şöbəsinin metodisti, müdiri, Lənkəran Şəhər Partiya Komitəsinin ikinci, sonra birinci katibi, Azərbaycan Pedaqoji Kadrlarının İxtisasartırma İnstitutu Lənkəran filialının direktoru, Lənkəran Dövlət Universitetinin prorektoru, cənub regionunda Yeni Azərbaycan Partiyasının təşkilatçısı, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı, Respublika Qadın Problemləri Üzrə Dövlət Komitəsi sədrinin birinci müavini işləmiş, respublika Ağsaqqalları Şurasının və Veteranlar Şurasının sədr müavini olmuşdu, Prezident təqaüdçüsü idi.
Dilruba xanım ciddi, eyni zamanda son dərəcə mehriban və xeyirxah insan idi. Uzun illər təhsil sahəsində çalışdıqdan sonra, tamamilə yeni bir sferada öz fəaliyyətini davam etdirdi. Dövlətə, dövlətçiliyimizə sadiq idi. Ümummilli lider Heydər Əliyev məktəbini keçmiş tanınmış dövlət məmurlarından sayılırdı. 1987-ci il çox da uzaq tarix deyil. Ulu öndər Moskvada tutduğu vəzifədən uzaqlaşdırıldığı zaman Azərbaycan KP MK-nın plenumunda Dilruba xanıma təklif olundu ki, Heydər Əliyevin əleyhinə çıxış etsin. "Mənə sizin vəzifəniz lazım deyil. Siz Heydər Əliyevin ayağının tozu da olmazsınız - deyə, cavab vermişdi. Onu Heydər Əliyevin əleyhinə Mərkəzi Komitənin plenumunda və Ali Sovetin sessiyasında çıxış etmədiyinə görə Azərbaycan KP MK-nın rəhbərliyi tərəfindən Lənkəran Şəhər Partiya Komitəsinin birinci katibi vəzifəsindən azad etmişdilər. Doğru bildiyi heç bir fikirdən onu çəkindirmək mümkün deyildi. O zaman çox çətin bir dövr idi. Bir tərəfdən müstəqilliyimizi yenicə bərpa etmişdik, digər tərəfdən ermənilərin torpaqlarımızın işğalı nəticəsində yaranmış ağır vəziyyət və bizi, dövlətimizi sevməyən qüvvələrin müdaxiləsi. Belə bir zamanda Dilruba xanım, böyük cəsarətlə xarici və daxili düşmənlərin fitvası ilə qondarma "Talış-Muğan Respublikasını "quran Əlikram Hümbətova və onu dəstəkləyənlərə qarşı qətiyyətlə mübarizə aparmışdı. Təkcə Lənkəranın deyil, ona qonşu olan bütün rayonların əhalisini öz ətrafına yığaraq bölgədə vətəndaş qanının axıdılmasının qarşısını ala bildi. Ümummilli lider o vaxt yüksək tribunadan Dilruba xanıma "min kişidən qeyrətli adını verdi. Onun fəaliyyəti gənclərə, əsasən də dövlət qulluqçusu olmaq istəyən gənclərə yaxşı nümunədir.
Hansı sahədə çalışmasına baxmayaraq, Dilruba xanım həmişə insan hüquqlarının, o cümlədən qadınların hüquqlarının fəal müdafiəçisi olub. Yeniliyi sevirdi, novator, kreativ ideyalarla dolu idi, hər bir xırda detala fikir verirdi. İnsan hüquqlarının müdafiəsində aktiv iştirakı nəzərə alınaraq, o, yeni yaranmış Azərbaycan Respublikası Qadın Problemləri üzrə Dövlət Komitəsi sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdi. Dilruba xanım ölkədə gender siyasətini fəal təbliğ edirdi, insanlarla hər görüşdə bu məsələnin mahiyyətini açıqlayırdı. Qadın Problemləri üzrə Dövlət Komitəsi sədrinin birinci müavini kimi bütün fəaliyyətini qadınların maariflənməsinə, onların özlərinə inanmalarına, həm ailədə, həm də cəmiyyətdə özlərini təsdiq edə bilmələrinə həsr etmişdi.
İradəli insan, sədaqətli dövlət xadimi, yüksək təşkilatçı olmaqla yanaşı, Dilruba xanım qayğıkeş ana idi. O, cəmiyyətimiz üçün layiqli övladlar da yetişdirib. Dövlət və ictimai fəaliyyətində ədaləti, düzgünlüyü, səmimiliyi ilə seçilən D.Camalovanın xatirəsi onu tanıyan hər kəsin qəlbində yaşayacaqdır".
Xatırladaq ki, Dilruba Camalova 2009-cu il martın 13-də Cəlilabad rayonunda avtomobil qəzasında həlak olub.