"Spikerin iradları deputatlara stimul verir"
Milli Məclisin sonuncu iclasında spiker Oqtay Əsədov cəbhədəki son hadisələrin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı deputatlara öz iradlarını bildirib. Parlament sədri görülən işlərin yetərli olmadığını deyərək vurğulayıb ki, parlamentlərarası dostluq qrupunun rəhbərləri ermənilərin təxribatlarına dair beynəlxalq təşkilatlarda olan deputat həmkarlarına məktub yazmalı, Azərbaycanın haqlı olduğunu onların diqqətinə çatdırmalıdır.
"Onlara həqiqətləri çatdırmalıyıq. Düzdür, belə məktublar yazılıb, amma azdır. Bu məsələdə daha aktiv olmalıyıq. Ona görə də bilməyənləri başa salmaq lazımdır. İndiki dövrdə buradan danışmaqdan daha çox parlamentlrəarası dostluq qrupunun üzvləri xaricdə olan həmkarlarına məktub yazmalı və həqiqəti onlara çatdırmalıdır.
Çoxlarının Qarabağ problemindən xəbəri yoxdur. Ad çəkməyəcəyəm, bu yaxınlarda bir ölkənin nümayəndə heyətinin rəhbəri xəritəni qabağına qoyub soruşur ki, Dağlıq Qarabağ hansı ölkənindir, Ermənistanındır? Belə biabırçılıqlar olmamalıdır. Biz aktiv çalışmalıyıq. Ermənilər yalan məlumatları beynəlxalq ictimaiyyətə çatdırır. Biz də bu baxımdan məktubların sayını çoxaltmalıyıq"-deyə Milli Məclis sədri qeyd edib.
AzVision.az spikerin bu iradına deputatlardan münasibət öyrənib.
Azərbaycan Sosial Demokrat Partiyasının sədri, deputat Araz Əlizadə Oqtay Əsədovun iradlarının haqlı olduğunu bildirib: "Spiker düz deyir, biz bu işdə daha aktiv olmalı, əlimizdən gəldiyi qədər ermənilərin işğalçı siyasətini dünyaya çatdırmalıyıq.
Bildiyimiz kimi, bu yaxınlarda Sosialist İnternasionalının baş katibi Luis Ayala prezident İlham Əliyevlə görüşüb. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyətinə dair fikir mübadiləsi aparılıb. Deyə bilərəm ki, onun cəbhədəki hadisələrdən xəbəri var. Ayala yaxşı başa düşür ki, Azərbaycanın işi haqdır".
Ana Vətən Partiyasını sədri, millət vəkili Fəzail Ağamalı spikerin fikirləri ilə razılaşaraq daha çox iş görməyin vacib olduğunu deyib.
Millət vəkili Ağacan Əbiyev isə spikerin iradına münasibət bildirmək istəmədiyini deyib.
Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli isə deyib ki, spikerin fikirləri diqqəti məsələyə yönəltmək üçün əhəmiyyətlidir: "Ermənilər və onların havadarlarının apardığı kampaniyaya qarşı iş aparılmalıdır. Mayın 6-7-də Qarabağ məsələsi ilə bağlı Təbriz Universitetində keçiriləcək tədbirə dəvətliyəm. Konfransda Dağlıq Qarbağa həqiqətlərini, erməni yalanlarını iştirakçıların diqqətinə çatdıracağam".
T.Kərimli, həmçinin bildirib ki, Oqtay Əsədovun iradları deputatlara əlavə stimul verir: "İmkanımız daxilində bu məsələni dünya ictimaiyyətinin diqqətinə çatıracağıq. Bakıda keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda bir çox əcnəbi qonaqlarla görüşdük. Onlara erməni təxribatı ilə bağlı geniş məlumat verdik. Spikerin fikirləri ilə razıyam, görülən işlər yetərli deyil. Bu istiqamətdə səylərimizi artırmalıyıq".