Sumqayıtdan Bakıya gəlin gətirən toy karvanı görənlərin marağına səbəb olub. On bir ədəd "Qaz-24" avtomobilin olduğu karvan bəylə gəlini müşayiət edib.

Unikal.org xezerxeber.az-a istinadən bildirir ki, söhbət paytaxt sakini 32 yaşlı Əli Süleymanlının toy mərasimindən gedir.
Sumqayıtdan gəlin gətirməyə gedən karvandakı bütün maşınlar "Qaz-24" markalı minik avtomobili olub. Bu ideyanı bəyin böyük qardaşı Çingiz Suleymanlı irəli sürüb. Bəy də ideyanı bəyəndiyi üçün Çingizin dostları öz "Qaz-24" avtomobillərindən ibarət karvan təşkil ediblər.
Bəyin atası Tahir Süleymanlı deyir ki, qeyri-adi toy karvanı qız evi tərəfindən də müsbət qarşılanıb. Onlar hətta, sifariş verdikləri digər maşınlardan imtina ediblər.
"Qaz-24" avtomobillərindən ibarət toy karvanı ətrafdan onu görən hər kəsdə maraq oyadıb.
Karvanda əvvəlcədən 15 avtomobilin iştirakı planlaşdırılıb. Lakin sonradan bəzi səbəblərdən onların sayı 11-ə endirilib.