Dünyada qohum evlilikləri ilə illərdir aparılan mübarizə öz nəticəsini göstərsə də, Azərbaycanda hələ də azalmaq bilmir. Əsasən rayon yerlərində hamı özünün yaxın qohumunun qızını gəlin olaraq evinə gətirməyə çalışır. Yaxın qohum olmadıqda isə, uzaq da olsa, oğlunu "özününkülərdən" biri ilə evləndirir. Lakin ailələr təkrak-təkrar qan bağı olan evliliklərdən dünyaya gələcək uşaqların qüsurlu ola bilmə ehtimalını qulaqardı edir.
Unikal.org bildirir ki, araşdırmalar göstərir ki, yad insanların evliliyi zamanı uşaqların qüsurlu doğulma riski 2-4 faizdirsə, qohum evliliklərində bu göstərici 4-8 faizdir. Dünyanın bəzi ölkələrində genofondun təmizliyini təmin etmək məqsədilə qohum evliliyi təmamilə qadağan edilib. Almaniya, ABŞ-ın 24 ştatında əmiqızı-əmioğlu evliliyi təmamilə yolverilməzdir. ABŞ-ın bəzi ştatlarında qohum evliliyi 56%- təşkil edir. Bu göstərici Küveytdə 54,3%, Türkiyədə 26,8% təşkil edirsə, İngiltərədə 0,56%-dir.
Qohum evlilikləri ilə bağlı danışan ginekoloq Zalxa Osmanova bildirib ki, dünyaya sağlam uşaq gətirmək üçün mayalanmada iştirak edən, genetik informasiyanı daşıyan hüceyrələr sağlam olmalıdır:
"Çünki mayalanmanı 50 faiz kişi hüceyrəsi, 50 faiz isə qadın xromosomları təşkil edir. Qohum nikahlarında daha çox genetik xəstəliklərin, eybəcərliklərin, inkişaf etməyən hamiləliklərin, qüsurlu uşaqların doğulması məhz bununla bağlıdır. Yəni bizim genetik informasiyanı daşıyan hüceyrələrdə hansı xəstəliklərin olub-olmaması ilə əlaqəlidir. Qohum olduğu zaman artıq bizim ulu babamızın genində olan informasiya bölünüb bütün uşaqlara paylanılır. Yəni bir baba, yaxud nənənin xromosomlarında olan məlumat bütün övladların hüceyrələrinə bölünür, hətta bir-iki nəsil sonra belə əgər qohumluq əlaqəsi varsa, bu xəstəliyi daşıyan hər iki fərddə artıq xəstə övladın olma faizi yüksəlir".