"Tütün istehlakının məhdudlaşdırılması haqqında" qanunun yerinə yetirilməsinə hansı qrumun nəzarət edəcəyi Nazirlər Kabineti tərəfindən qanunun icra mexanizmi işlənib hazırlandıqdan sonra məlum olacaq.
Unikal.org xəbər verir ki, bunu trend-ə Milli Məclisin deputatı Musa Quliyev deyib.
M.Quliyev bildirib ki, qanunun icrasına hansı qurumun nəzarət edəcəyindən asılı olmayaraq, qapalı məkanlarda siqaret çəkmək qadağandır:
"Qapalı məkanlarda siqaret çəkmək üçün xüsusi yerin ayrılması sahibkarın imkanına və istəyinə bağlıdır. Sahibkar istəsə, məkanda siqaret çəkmək üçün xüsusi yer ayıra bilər. Xüsusi yerdə balaca və güclü vintilyasiya sistemi olmalıdır. Amma bu o demək deyil ki, siqaret çəkmək üçün ayrı salon ayrılacaq və ya ayrıca bir restoran olacaq ki, ora ancaq siqaret çəkənlər gəlsin".
Qeyd edək ki, qanuna əsasən səhiyyə, elm və təhsil müəssisələrində, muzeylərdə, kitabxanalarda, kinoteatr, teatr, sirk binalarında, sərgi və nümayiş salonlarında, idman yarışları, konsert və digər kütləvi tədbirlər keçirilən zallarda, ticarət, məişət və sosial xidmət obyektlərində, hava və dəniz (çay) limanlarının inzibati binalarında, dəmir yolu vağzallarında, avtovağzallarda (avtostansiyalarda) və avtobusun dayanacaq məntəqələrində, beynəlxalq və ölkədaxili sərnişin daşınmasında, sərnişindaşınmaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələrində və taksi minik avtomobillərində, çoxmənzilli binaların liftlərində və ümumi istifadə otaqlarında, uşaq meydançalarında, çimərlik əraziləri hüdudlarında və digər yerlərdə siqaret, sulu qəlyan və elektron siqaretin çəkilməsinə icazə verilməyəcək.
Bundan başqa, təhsil və tərbiyə müəssisələrində, habelə onların ərazilərində, səhiyyə, reabilitasiya və sanatoriya-kurort müəssisələrində, onların ərazilərində, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün müəssisə, idarə və təşkilatlarda, iş yerlərində, idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi zallarda, restoranlar, kafelər, barlar daxil omaqla ictimai iaşə obyektlərində (açıq məkanlar istisna olmaqla), ticarət və məişət obyektlərində, sosial xidmət müəssisələrində, mehmanxanalarda, teatr və kinoteatrlarda, sərgilərdə, oxu zallarında, kitabxanalarda, muzeylərdə, habelə digər mədəniyyət obyektlərində tütündən istifadə qadağan ediləcək, eyni zamanda, yerüstü və yeraltı piyada keçidlərində, müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlarası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslarda və taksilərdə, metropoliten stansiyalarının vestibüllərində, keçidlərində və platformalarında, vaqonlarda da bu qadağa keçərli olacaq.
Qanuna əsasən, siqaret çəkilməsinə yerin ayrılması işəgötürənin ixtiyarına buraxılıb. Bələdiyyələr də tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması sahəsində addımlar atacaqlar.