Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı ilə bir qrup azərbaycanlı jurnalist Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışlarının getdiyi əraziyə aparılıb.
Unikal.org report-a istinadən xəbər verir ki, məqsəd KİV nümayəndələrini axtarış-xilasetmə işlərinin gedişatı ilə tanış etməkdir.
Jurnalistlərin olduğu helikopterlər Bakıdan axtarışın aparıldığı əraziyə yola düşüb.
Xatırladaq ki, Quba rayonda dağlıq ərazidə itkin düşmüş "Gilavar idman klubunun 3 üzvü - 1983-cü il təvəllüdlü Namin Bunyatov, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin axtarışları davam etdirilir.
Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil olunan axtarış-xilasetmə işlərində nazirliyin peşəkar xilasedicilərdən ibarət dəstələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, peşəkar alpinistlər və yerli sakinlərdən ibarət könüllü dəstələr iştirak edir. Dekabrın 27-dən başlayan axtarış-xilasetmə əməliyyatı müddətində itkin düşmüş alpinistlərin hərəkət marşrutu üzrə ərazilər, həmçinin ehtimal olunan digər ərazilər yoxlanılır.