Yenicə azadlığa çıxan azərbaycanlı müğənni Emil Rəhmanov 2 yaşlı oğlu Əli Rəhmanovu hələ ki görə bilməyib.
Unikal.org-un məlumatına görə, əməkdar artist Rəhman Rəhmanovun oğlu bu barədə ilk dəfə olaraq "APA TV-nin "Show time verilişində etiraf edib. E.Rəhmanov bildirib ki, boşanıb və buna görə də keçmiş həyat yoldaşı ona övladını göstərmir: "Azadlığa çıxandan sonra övladımı görməmişəm. Çünki buna hələ hazır deyiləm. Mən bir az açıq danışan insanam. Mən boşanmışam. Burada bəzi nüanslar var, ona görə də övladımı görə bilmirəm. Allahın köməyi ilə bu yaxınlarda görüşərik. Hər gün hara gedirəmsə, balaca uşaq görürəmsə, öz uşağım yadıma düşür, onu fikirləşirəm, pis oluram. Özüm övladımı görmək istəyirəm, buna can atıram, amma görə bilmirəm".
E.Rəhmanov onu da bildirib ki, boşanmağının üstündən 2 il keçir: "Həbsə düşəndən sonra ailəm dağıldı. Yenidən barışmağımız, bir araya gəlməyimiz də mümkün deyil. Övladın günahı yoxdur axı. Qarşı tərəf istəmir ki, uşağımla görüşüm. Amma görüşəcəm.
Qeyd edək ki, E.Rəhmanov ilk dəfə əvvəl 2008-ci ildə soyğunçuluq etməkdə təqsirləndirilərək, 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. Daha sonra azadlığa çıxan Emil 2016-cı ildə həbs olunub və ötən ayda da azadlığa çıxıb.