Unikal.org hüquqşünas Əkrəm Həsənovun bankların etibarlılıq reytinqi barədə yazını təqdim edir.
Qeyd edək ki, təsnifat xarakterli yazı 2016-cı ilin I rübü üzrə hesabatların təhlili əsasında hazırlanıb.
"I rübün bitməsindən 1 ay ötür. Qanunvericiliyə əsasən banklar artıq çoxdan saytlarında rübün maliyyə nəticələrini əks etdirən hesabatlarını dərc etməli idi. Lakin əksəriyyəti yenə də dərc etməyib. Ümumiyyətlə, maliyyə göstəricilərini daimi əsaslarla gizlədən bankların sayı artıb. Bu da həmin bankların və ümumiyyətlə bank sisteminin ağır vəziyyətindən xəbər verir.
Təhlilə keçməzdən əvvəl 2 qeydim var:
1) Bütün bankları yenə də 4 qrupa bölmüşəm. Həmçinin ötən rüblə səthi müqayisə əsasında.
2) Qabaqcadan deyim ki, mən hesabatların dərin iqtisadi təhlilini aparmıram. Qoy bunu iqtisadçı ekspertlər etsin. Vəkil olaraq mən yalnız əsas məsələlərə (bir qayda olaraq, hesabatın mövcudluğu və bankın mənfəət və ya zərərlə işləməsi) diqqət yetirmişəm. Təbii, daha dərin təhlil əsasında fərqli təsnifat da ola bilər.
I QRUP – hesabatlarını daim gizlədən və bununla da qanunvericiliyi kobud şəkildə pozan 19 bank (ötən rübdə say 13 idi): Bank VTB, Nikoyl Bank, Unibank, Bank Respublika, ParaBank, YapiKrediBank, Zaminbank, AGBank, Amrahbank, AtaBank, Bank Standard, Günaybank, XalqBank, KredoBank, Naxçıvanbank, Bank of Baku DekaBank, Dəmirbank və Bank BTB. Bunlar ən etibarsız banklardır. Bu qrupa əslində həmçinin Azərbaycan Beynəlxalq Bankı və AzərTürkbank da aid olmalı idi, çünki hesabatlarını dərc etmirlər. Lakin bu iki bank dövlət bankı olduğu üçün və dövlət vətəndaşların oradakı vəsaitinə təminatçı olduğu üçün onları heç bir qrupa daxil etməmişəm. Buna görə də mövcud 37 bankın yalnız 35-i bu təsnifata daxildir.
II QRUP – əvvəllər hesabatlarını dərc etsələr də, I rüb üzrə bunu etməyən 4 bank:
1. Accessbank – ötən rübdə 62 mln-dan çox xalis mənfəəti var idi və sistemin lideri idi. Görəsən, 3 ay ərzində nə baş verib ki, göstəricilərini gizlədir?!
2. NBC Bank – ötən rübdə 1 mln-dan çox xalis mənfəəti var idi.
3. Expressbank – ötən rübdə 1 mln-dan az xalis mənfəəti var idi.
4. Bank Melli İran Bakı filialı – ötən rübdə 1 mln manata yaxın zərəri var idi.
III QRUP – rüblük hesabatını artıq neçənci dəfədir ki, yalnız qismən açıqlayan KapitalBank. Bu bankın hesabatından, məsələn, onlun mənfəətlə və ya zərərlə işləməsi aydın olmur. Vəziyyəti yaxşı olan bank bu məlumatı niyə gizlətsin ki?!
IV QRUP – hesabatlarını dərc edən 11 bank:
1. PaşaBank – 50 mln-dan çox xalis mənfəəti var (ötən rübdə 10 mln-dan çox idi).
2. Azərbaycan Sənaye Bankı – 16 mln-a yaxın xalis mənfəəti var (ötən rübdə 13 mln-dan çox idi).
3. Caspian Development Bank – 14 mln-dan çox xalis mənfəəti var (ötən rübdə 8 mln-dan çox idi).
4. Bank Silk Way – 7 mln-dan çox xalis mənfəəti var (ötən rübdə 1 mln-dan çox idi).
5. AFB Bank – 7 mln-dan çox xalis mənfəəti var (ötən rübdə dərc etməmişdi).
6. Ziraat Bank – 5 mln-dan çox xalis mənfəəti var (ötən rübdə 3 mln-dan çox idi).
7. Rabitəbank – 3 mln-dan çox xalis mənfəəti var (ötən rübdə tam dərc etməmişdi)
8. Muğanbank 1 mln-dan çox xalis mənfəəti var (demək olar ki, dəyişiklik yoxdur).
9. Turanbank – 0,5 mln xalis mənfəəti var (ötən rübdə 1 mln-a yaxın idi).
10. Bank Avrasiya – 0,2 mln-dan çox xalis mənfəəti var (ötən rübdə 1 mln-dan çox idi).
11. Pakistan Milli Bankı Bakı filialı – 0,8 mln-dan çox xalis mənfəəti var (amma məcmu kapital tələbini pozur: 50 mln əvəzinə 10 mln-dur).
Sonda bir daha vurğulamaq istəyirəm ki, savadsızlıq, qeyri-peşəkarlıq və korrupsiya bank sistemimizin atributudur. Maliyyə göstəricilərindən belə asılı olmayaraq. Özünüzdən və pulunuzdan muğayat olun!"