Azərbaycanda yanvarın 9-u gündüzdən 10-u səhərədək müşahidə olunan faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən unikal.org-a verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yanvarın 9-da gündüz hava şəraiti əsasən yağmursuz keçib, lakin axşamdan ayın 10-u səhərədək hava dəyişib, qeyri-sabit olub, bəzi rayonlarda, Abşeron yarımadası və Abşeron Dəniz rayonunda güclü şimal-qərb küləyi əsib, əksər rayonlarda yağış, ayrı-ayrı yerlərdə sulu qar, qar yağıb.

Düşən yağıntının miqdarı Qusarda 11, Qubada 10, Şabranda 5, Sarıbaş, Astara, Altıağacda 4, Xınalıqda 3, Şahdağ, Xaltanda (Quba) 2, Mərəzə, Balakən, Göytəpə, Lerik, Kişçayda 1, Bakıda və Abşeron yarımadasında: Sumqayıt, Binə, Pirallahı, Zabratda 1 mm olub.

Qar örtüyünün hündürlüyü Qırızda 13, Şahdağda 12, Quba, Xınalıqda 10, Qusar, 8, Altıağacda 7, Sarıbaşda (Qax) 6, Xaltanda (Quba) 4, Rvarud (Lerikdə) 2, Mərəzə, Şabranda 1, Qubanın dağlıq ərazilərində 4-13 sm təşkil edib.